Bir və ya bir neçə vitamin çatışmazlığı müxtəlif xəstəliklərə səbəb olur
Bir və ya bir neçə vitamin çatışmazlığı müxtəlif xəstəliklərə səbəb olur üçün şərhlər bağlıdır

Qışda bəzən immuniteti gücləndirmək məqsədilə həkim məsləhəti olmadan reseptsiz vitaminlər qəbul edənlər olur. Bu isə zaman keçdikcə onların sağlamlığında müəyyən problemlər yaratmağa başlayır. Həkimlər məsləhət görürlər ki, qışda avitaminoz baxımından sağlamlığı tənzimləmək üçün bu və ya digər vitaminin uyğunluğu, eləcə də onların dozasını nəzərə almaqla xüsusi hazırlanmış polivitamin komplekslərindən istifadə etmək olar. Multivitamin komplekslərində müalicəvi dozalar yoxdur, ona görə də onları həkim tövsiyəsi olmadan içmək təhlükəli deyil.

Orqanik.az xəbər verir ki, həkim-nevropatoloq Aynur Muxtarova deyib: “Qış fəslində avitaminozdan qorunmaq üçün biz daha çox vitaminlər qəbul etməliyik. Hazırda apteklərdə müxtəlif dərman firmalarının istehsal etdiyi multivitamin kompleks şəklində tabletlər satılır. Həmin tabletlər dərman istehsalçıları tərəfindən vitaminlərin uyğunluğu və miqdarı cəhətdən hesablanıb və multivitamin qəbulu, demək olar ki, tamamilə zərərsizdir. Ancaq bir vitamindən ibarət həblər qəbul etdikdə diqqətli olmaq lazımdır, çünki bir neçə vitaminin ayrı-ayrı həblər şəklində qəbulu gələcəkdə vitamin zəhərlənməsinə səbəb ola bilər”.

Yanlış dozalar orqanizmdə maddənin çoxluğuna səbəb ola və zərər verə bilər. Allergiya, ürəkbulanma və ya mədə-bağırsaq pozuntusu kimi yan təsirləri buna misal göstərmək olar, həmçinin bir çox vitaminlər bir-biri ilə uyğunlaşmırlar. Belə olan halda insanların bu maddələrin uyğunluq cədvəllərini anlaması çətin olur. Həkim tövsiyə edir ki, belə maddələrin qəbuluna qaçmaqdansa, vitaminləri təbii şəkildə qəbul etmək daha yaxşıdır: “Vitaminlər orqanizmdə sintez olunmadığı üçün onlar kənardan qida şəklində qəbul edilməlidir. Onların qəbulu böyüməyə, yaraların sağalmasına, inkişafa müsbət təsir göstərir. Bir və ya bir neçə vitamin çatışmazlığı müxtəlif xəstəliklərə səbəb olur. Həmin xəstəliklər ən çox gözlərdə, sinir və mədə-bağırsaq sistemində özünü göstərir. Bəzi hallarda isə xəstəlik kimi deyil, böyümənin, inkişafın ləngiməsi, daha çox uşaqlarda zehni və fiziki inkişafın ləngiməsi şəklində meydana çıxır”.

Vitaminləri meyvə şirəsi, çay, qəhvə ən əsası spirtli içki ilə qəbul etmək olmaz. Əgər onu qəbul etmək üçün su yoxdursa, onda ümumiyyətlə, içmək lazım deyil.

Orqanik.az

0

Yuxarı

X