Diz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq və diz oynağını stabilləşdirən idman hərəkətləri etmək vacibdir. Bununla diz oynağını ani zədələnmədən və yaşlanma ilə bağlı proseslərdən qorumaq mümkün olmasa da, oynaqlara düşən yükü azaltmaq və zədələnməyə davamlılığı artırmaq mümkündür.
Orqanik.az aztibb.az-a istinadən bildirir ki, həkim-fizioterapevt Səidə Kərimova bu barədə məlumat verib.
Həkimin sözlərinə görə, diz ağrılarının reabilitasiya dövründə faydalı idman hərəkətləri icra olunur. Ümumi qaydaları nəzərə alsaq, görərik ki, yaşlandıqca dizin strukturları və xüsusən menisk zədələnməyə daha meyilli olur. Buna görə tam bükülmə və ani kritik hərəkətlərdən özünüzü qormaq lazımdır. Hər hansı idman hərəkətləri zamanı ağrı hiss etdikdə, onu dayandırmaq lazımdır.
Diz üçün idman hərəkətləri:
1. Ayağınızı düz qoyun. Dizin altına dəsmal qoyun. Bud əzələnizi çarpayıya doğru sıxın. 6 saniyə saxlamaqla 10 saniyə fasilə etməklə gün ərzində 10 dəfə təkrarlayın.
2. Düz uzanın. Sağlam dizinizi bükün. O biri ayağı düz halda 30 sm hündürlüyə qaldırın və 5 saniyə saxlayın. 10 dəfə təkrar edin. Bel ağrıları varsa, bu hərəkəti etməyin.
3. Hər iki ayağınızı bükün. Diziniz 90 dərəcə bükülmüş vəziyyətdə, dabanlarınızı yerdə, çanağınızı qaldırırsınız və 5 saniyə saxlayıb endirirsiniz.10 dəfə təkrarlayın.
4. Üzü üstə uzanın. Ayağınızı yerdən qaldırın, 5 saniyə saxlayın və endirin. 10 dəfə təkrarlayın.
5. Bu hərəkət ayaqüstə icra olunur. Ayaqlarınız çiyinləriniz ilə paralel bir qədər aralı vəziyyətdə dayanırsınız. Əllərinizi dəstək üçün stola qoya bilərsiniz. Dizlərinizi bir qədər bükün və bir az aşağı gedin (15 sm), ayaqlarınız (pəncə) tam yerdə olmalıdır. Tələsmədən əvvəlki düz vəziyyətə qayıdırsınız.10 dəfə təkrarlayın.
Orqanik.az