Xroniki yorğunluq hansısa xəstəliyin əlaməti ola bilər

Gündəlik həyatda 8 saatlıq iş rejimindən sonra yorğunluq yaranır. Ancaq bəzi insanlar heç nə etmədiyi halda da özünü yorğun hiss edir. Diqqətin zəifləməsi, yuxu pozğunluğu, oynaq, əzələ, baş ağrıları və uzunmüddətli əzginlik hissi xroniki yorğunluğun əlamətləri sayılır.

Orqanik.az xəbər verir ki, bu barədə məlumat verən həkim-terapevt Nahid Məhərrəmov deyib: “Xroniki yorğunluq xəstəliklərdən hansınınsa əlaməti ola bilər. Məsələn, qalxanvari vəz, yaxud qan azlığı, fol turşusu, dəmir, kalsium, B12 və ya D vitamini çatışmazlığından ola bilər. Artıq çəkisi olanlar daha çox həmin problemdən əziyyət çəkirlər”.

Altı aydan çox çəkən yorğunluq şikayəti xroniki yorğunluq sindromunun olduğunu göstərir. Əlamətləri isə özünü müxtəlif şəkillərdə büruzə verir. Bir çox hallarda həmin xəstələrdə depressiya əlamətləri olur. Bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki fəallığının azalması ilə əlaqədardır.

“Yorğunluq gecə yuxusuzluğu, rejimsizlik, qida qəbulunun normal olmaması ilə də əlaqədar meydana çıxa bilər. Problemi yoluna qoymaq üçün normal yuxu rejimini bərpa etmək, vaxtlı-vaxtında qidalanmaq, bol maye qəbul etmək və fiziki cəhətdən fəal olmaq lazımdır. Xroniki yorğunluğun riskli tərəfi də var, onun vaxtında qarşısı alınmadıqda gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. Hansı xəstəlik xroniki yorğunluğa səbəb olursa, məhz ona qarşı müalicə tədbiri aparılmalıdır. Məsələn, bunun səbəbi qan azlığıdırsa, onu bərpa etmək, orqan narahatlığıdırsa, həmin orqanı müalicə etmək lazımdır”,- deyə həkim-terapevt əlavə edib.

Xroniki yorğunluq əsasən 30-50 yaş arasında olanlarda müşahidə olunur. Uzun sürən yorğunluq hissi və əlamətlərinə qarşı qabaqlayıcı tədbirlər görərək xəstəlikdən qurtulmaq mümkündür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.