Min bir dərdin dərmanı, dadlı və vitaminli təbii qida kimi istifadə edilən bitkilərə maraq artmaqdadır.
Əsasən də gözəl dadı ilə seçilən “qulançar” (“mərəçüyüd” də deyilir) qida rasionunda geniş yer tutur. Tovuzun dağətəyi ərazilərindən əllə toplanan qulançar zülalla ən çox zəngin olan tərəvəz bitkilərindəndir.
AZƏRTAC xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Tərkibində ən çox zülal olan tərəvəzlərdən sayılır. Qərb bölgəsində indi qulançar yığımının vaxtıdır. Məhsul əllə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb satılır. Əhalinin bu bitkiyə tələbatı çox olduğundan qiyməti də bahadır.
Rayon sakini Adil Hüseynov hər il yaz ayılarında bu bitkini yığıb həm mətbəxdə istifadə edir, həm də sataraq ailəsinin maddi ehtiyacını ödəyir. “Yabanı halda bitən qulançarı aprel-may aylarında toplayıram. Kənardan yığılması asan gəlsə də min bir əziyyətlə yığılır. Çünki tikanlı kolların dibində olur, yığmaq elə də asan deyil”, – deyə A.Hüseynov bildirir.
Onun sözlərinə görə, dadlı və ləziz qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində bir çox vitaminlər var. Tovuzda əsasən yağda qızardılır və üzərinə yumurta əlavə olunur. Buna “qulançar çığırtması” deyilir. Zövqə görə ədviyyatlar da qatılır. Eyni zamanda, soğandan da istifadə etməklə, qovurma kimi bişirmək olur.
Kolların arasından əllə əziyyətlə yığıldığına görə qiyməti də bahadır. Bir dəstəsi təxminən 2-3 manat olan qulançarın kiloqramı 12-14 manatdan çox edir. Beləliklə, 1 kiloqram qulançar ət qiymətinə, bəzən isə ondan da baha satılır.
Hazırda qərb bölgəsinin bazarlarındakı piştaxtalarda qulançara rast gəlmək mümkündür.
Qeyd edək ki, bu bitkinin bir neçə növü var. Azərbaycanda Gəncə-Qazax bölgəsində və Abşeronda xalq arasında qulançar, Qarabağda, Naxçıvanda mərəçüyüd, mərəçöyüd, mərəvçə və s. adlandırırlar. Qulançar hələ 4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada məlum idi.
Vaxtilə AMEA-nın Botanika İnstitutunun və Mərkəzi Nəbatat Bağının əməkdaşlarının apardığı tədqiqatlar əsasında bu bitkidən karotinoid maddəsi alınıb. Tədqiqat işi nəticəsində onun tərkibində insan orqanizmi üçün daha çox xeyirli olan bir çox maddələr, o cümlədən karotinoid aşkarlanıb. Bu, bir çox bitkilərdən alınan karotinoidin miqdarından qat-qat çoxdur.
Karotinoid yüksək bioloji fəallığa (A vitaminin aktivliyinə) malik maddədir. O, orqanizmdə gedən maddələr mübadiləsində mühüm rol oynayır. Onun insan orqanizmində çatışmaması böyümə və inkişafın ləngiməsinə, gözün görmə qabiliyyətinin azalmasına, müxtəlif xəstəliklərə, xüsusən yoluxucu xəstəliklərə qarşı müqavimətin zəifləməsinə, mədə-bağırsaq sisteminin selikli qişasının aşınmasına və s. səbəb olur. Karotinoidlər müxtəlif mənşəli xərçəng xəstəliklərinin müalicəsində və profilaktikasında geniş tətbiq edilir. Həmçinin orqanizmin qocalmasının qarşısını alır. Eyni zamanda, yeyinti, kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa malik məhsulların hazırlamasında, onların saxlanma müddətinin artırılmasında, xarici görkəmlərinin yaxşılaşdırılmasında geniş istifadə edilir.
Orqanik.az