Bir çox insan bel və əzələ ağrılarından şikayətlənir. Bu ağrılar yorğunluqdan tutmuş əlilliyə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Bəzən əzələ ağrısı bir neçə gün ərzində yox olur, bəzən isə xroniki hal alır.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, əzələ ağrılarının yaranmasının səbəblərindən biri də dehidrasiyadır. Bu, bədənin öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan mayenin qarşılanmaması vəziyyətində yaranır. Belə ki, ağrılar orqanizmdə kifayət qədər su olmadıqda əmələ gəlir. Bu səbəbdən bədənin düzgün işləməsi üçün kifayət qədər su içmək çox vacibdir.
Həmçinin, şəxs pəhrizində lazımi qidaları və xüsusən suyu normada qəbul etmirsə, əzələ ağrıları hiss edə bilər.
Bundan başqa D vitamini əzələlərin nizamlı işləməsini təmin edir. Bu vitaminin çatışmazlığı kalsiumun azalmasına səbəb ola bilər. Bu da öz növbəsində əzələlərə, həmçinin sümüklərə və orqanlara mənfi təsir göstərə bilər.
Əzələ ağrılarını artıran bir digər səbəb isə hərəkətsizlik və ya həddindən ağır məşqlərdir. Müntəzəm məşq rejiminə sahib olmamaq, yeni bir məşqə başlamaq, normadan daha intensiv və ya daha uzun müddət idman etmək, isinmə hərəkətlərini düzgün etməmək və ya narahat uzanmamaq da əzələ, bel, boyun ağrısına səbəb ola bilər.
Orqanik.az