Yatmazdan əvvəl qəbul edəcəyiniz bəzi qidalar gecə boyunca qan şəkərini sabit saxlamağa, artıq çəkiyə səbəb olan yağlardan qurtulmağa, əzələlərin bərpasına kömək edir.
Orqanik.az Axşam.az-a istinadən rahat yatmağınıza yardımçı olacaq qidaları təqdim edir.
Banan
Bananın tərkibindəki maqnezium və kalium əzələləri rahatladır. Həmçinin xoşbəxtlik hormonu olan serotonin və daha yaxşı yatmağımıza kömək edən melatonin istehsalını təmin edir.
Qarın nahiyəsində artıq çəkidən əziyyət çəkənlərə isə banan yedikdən sonra yatmaq tövsiyə olunmur.
Kivi
Kivi iştahı azaltmağa, həzm sisteminə, iltihabın qarşısını almağa və xolesterini nəzarətdə saxlamağa kömək edir. Aparılan araşdırmalarda yuxu problemi olan insanların yatmazdan bir saat əvvəl 2 kivi yedikdə yuxu müddətinin 13,4%, yuxu keyfiyyətinin isə 5,41% artdığı müşahidə edilib.
Albalı
Yatmazdan əvvəl yeyilə bilən meyvələr siyahısında yer alan albalı yuxu keyfiyyətini artırır. Eyni zamanda formada qalmağınıza kömək edir, şirniyyat istəyinizi isə azaldır.
Alma
Bu meyvə sizi gecə boyu tox saxlayacaq. Yatmazdan əvvəl alma yemək zehni yorğunluğu da aradan qaldırır.
Bal
Yatmazdan əvvəl bir çay qaşığı bal yemək həm şirniyyata olan istəyinizi azaldacaq, həm də gecə boyunca oyanmağınızın qarşısını alacaq. Bundan əlavə, balda depressiya ilə mübarizə aparan polifenollar var. Ona görə də gecə yatmazdan əvvəl bal istehlak etsəniz, psixoloji sağlamlığınızı da qorumuş olarsınız.
Onu da qeyd edək ki, süd, ayran və müxtəlif bitki çayları içmək də gecə boyunca daha rahat yatmağınıza imkan verəcək.
Orqanik.az