Yastıpəncəliyin simptomları və müalicəsi

Yastıpəncəlik uşaqlarda çox rastlanılan bir ortopedik pəncə problemidir. Tibbi ədəbiyyatda buna “pes planus” deyilir və çox vaxt diqqətli valideynlər bu vəziyyəti görəndə həkimə müraciət edirlər.

Əslində bütün yenidoğulmuş körpələrin ayaqlarının altı yastıdır və sonrakı dövrlərdə pəncə inkişaf etdikcə bu hal aradan qalxır. Yastıpəncəliyin səbəbləri arasında ligamentlərin (sümükləri birləşdirən bağlar) elastikliyi, neyrofizioloji inkişaf problemləri, dabanda yaranan həddindən artıq dərialtı yağ toxuması ola bilər.

Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Yastıpəncəliyin iki növü var. Birinci növ, cəmiyyətdə ən çox yayılmış elastik yastıpəncəlikdir. Bu vəziyyətdə problem sümüklərdə deyil, əzələlərdə və bağlarda olur və insan ayağını yerə basanda daxili əyriliyin olduğu görünür və çəki səbəbindən dolayı yaranan təzyiqdə ayaq düz olur. Elastik yastıpəncəlikdə əzələlərin və oynaqların funksiyaları normaldır.

İkinci növ, digərlərinə nisbətən daha nadir hallarda meydana gələn sərt yastıpəncəlikdir. Bu tip yastıpəncəlikdə xəstə ayağını yerə qoyub və ya qoymadığında belə sərt görünüşü ilə seçilir.

Yastıpəncəliyin yaranma səbəbləri

– İrsi faktor – ailə üzvlərindən (və yaxın qohumlardan) kimdəsə yastıpəncəlik varsa və ya olubsa, çox diqqətli olmaq, uşağı tez-tez ortopedə göstərmək lazımdır.

– Uşağa “düzgün” olmayan ayaqqabı geyindirilməsi.

– Ayaqlara həddən-ziyadə yük düşməsi (məsələn, uşağın çəkisi çox olduqda).

– Pəncə travmaları.

Yastıpəncəliyin simptomları

Uzun müddət ayaqüstdə duranda çoxalan və bütün ayağa yayılan ağrılar, ayaqların tez yorulması, ağrılar əsasən topuqda başlayıb baldır əzələlərindəki gərginliyə səbəb olursa, ayaq ağrıları idman zamanı mane olursa, ayaqqabıların iç tərəfləri gözləniləndən daha tez köhnəlirsə, vaxt itirmədən həkim-ortopedə müraciət etməniz tövsiyyə olunur.

Yastıpəncəlik zamanı fizioterapiya və reabilitasiya

Yastıpəncəlik hətta Axill vətərinin gərginliyinə də səbəb olur. Buna görə reabilitasiya zamanı Axill vətərinin gərilmə hərəkətlərinə daha çox üstünlük verilir.

Axill vətərinin gərginliyi azaltmaq üçün miostimulyasiya və kinesioteypinq kimi müalicə üsullarından da effektiv nəticələr əldə etmək olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.