Yaşlı nəslin nümayəndələrinin bir neçə qat paltar geyinmələrini, tez-tez üşüdüklərini yəqin ki, hamınız müşahidə etmisiz. Qalın geyinmə istəyinə hava xüsusi rol oynamır, çoxları, hətta ilin isti fəslində də papaq, şal, corab və digər atributlardan istifadə edir. İllər ötdükcə insan orqanizmində maddələr mübadiləsi ləngiyir. Yaşlılarda qan damarları tutulur, qan qatılaşır və ətrafdakı xırda kapilyarlara pis çatır, ətraflar lazımınca isinmir.
Adama elə gəlir ki, əvvəl ayaqları üşüyür və onları isti saxlamağa çalışır. Sonra bu hissiyyat yuxarı qalxır, bel isti şala bükülür, canlıq geyinilir.
Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, yaşlıların çoxu artrit və revmatizmdən əziyyət çəkir, hava azca soyuyan kimi oynaqlar sızıldayır.
Artrit infeksiya, immun sistemi pozuntuları, maddələr mübadiləsinin pozulması ilə təhrik olunan xəstəlikdir. Artritin əsas əlaməti iltihab prosesidir: şişkinlik, qızartı və zədələnmiş oynaq nahiyyəsində istilik hissi.
Revmatizm sistemli infeksion-allergik xəstəlik olaraq, əsasən, ürək-damar sistemi və oynaqların, eləcə də, daxili orqanların və mərkəzi sinir sisteminin birləşdirici toxumasını zədələyir.
Daha bir vacib amil əzələ kütləsinin azalmasıdır ki, bu səbəbdən titrəmək zəif alınır. Titrəmədən isinmək də mümkün olmur. Yaşlandıqca iştaha azalır, yaşlılar az yeyir, bu isə enerji və istilik hasilatını azaldır.
Orqanik.az