Xroniki yorğunluğun əsas səbəbləri

Statistikaya görə, dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluqdan şikayətlənir. Onun əsas səbəbləri sırasına stres, yuxu problemi və əzələ ağrıları aid edilir. Qeyri-sağlam həyat tərzi, qeyri-rasional gündəlik rejim, yarımçıq yatmaq, hərəkətsizlik və günəş şüalarının azlığı da xroniki yorğunluğun səbəbləri sırasına daxildir. Düzgün olmayan qidalanma və keyfiyyətsiz qidalar, rasionda vitamin, makro və mikro elementlərin çatışmazlığı, metabolizm prosesinin pozulmasına səbəb olur və bu da daim yorğunluq hissi yaradır. Bir müddət sonra onlarda diqqət pozğunluğu və yaddaşsızlıq da yaranmağa başlayır, iş qabiliyyəti getdikcə zəifləyir, gün ərzində aqressiv və gərgin olurlar.

Orqanik.az bildirir ki, həkim Gülsarə Sadıqova deyib: “Belə xəstələr əsasən halsızlıq, əzginlik, yuxululuq, depressiv hal, iştahasızlıq, tez-tez təzyiqin düşməsi, heç nə etməyə həvəsin olmaması hallarından gileylənirlər. Əgər bu şikayətlər altı aydan çox davam edirsə, bu, xroniki yorğunluq sindromu hesab olunur. Səbəbi tam olaraq məlum olmasa da, bəzi hallar, məsələn, yorğun iş rejimi, stresli həyat tərzi, psixoloji gərginlik yaşayanlarda həmin hal daha çox müşahidə edilir”.

Həmin halın aradan qaldırılması yolları barədə danışan həkim-terapevt bildirib: “Depressiya halı yaşayanlardan xroniki yorğunluğun əsas səbəbləri sırasında immun sisteminin zəifliyi qeyd edilir. Fiziki iş, gündəlik rejimi düzgün formalaşdırmaq və aktiv həyata keçməyə çalışmaq lazımdır”.

Araşdırmalar göstərir ki, həmin əlamətlər tənbəllik adlandırılan sindromun da göstəricisi ola bilər. Motivasiya və özünəinam hissinin zəif olması, hadisələrə ümidsiz və inamsız yanaşmaq əhval-ruhiyyəni aşağı salır və bu da iş qabiliyyətinin zəifləməsinə səbəb olur.

Xroniki yorğunluq sindromunun müalicəsi kompleks xarakter daşıyır. Gündəlik rejimə mütləq müalicəvi fiziki hərəkətlər və açıq havada gəzinti daxil edilməlidir. Onun müalicəsi üçün spesifik müalicə taktikası işlənib hazırlanmayıb. Lakin müalicənin əsas prinsipi narahatlıq törədən sindromları aradan qaldırmaqdır. İlk növbədə, siqaret və alkoqol qəbulunu azaltmaq, yuxu rejimini bərpa etmək lazımdır. Xroniki sindromu olanlarda ardıcıl olaraq fiziki yükləməni artırmaq məsləhət görülür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.