Son illər ərzində xorultu və yuxunun obstruktiv apnoe sindromu (YOAS) diggət mərkəzindədir.
Əhali arasında yetkin şəxslərdə (əsasən 30-35 yaşdan yuxarı) daha çox rast gəlinir. Nəticədə bu patologiya ayrı bir xəstəlik – “ronxopatiya” olaraq ayrılmışdır. Xoruldamağa ağız-udlağın yumşaq toxumalarının vibrasiyası səbəb olur və yuxu zamanı havanın yuxarı tənəffüs yollarından çətinliklə keçdiyini göstərir. Xoruldama zamanı özünə məxsus səs yaranır. Xorultu əsasən dərin yuxu zamanı insanın arxası üstə uzandığı vəziyyətdə baş verir. Bu zaman nəfəs almada asanlıqla vibrasiya edən yumşaq damağın tam boşalması üçün optimal şərait yaranır.
Əvvəlcə yuxarı tənəffüs yollarının normal anatomik və fizioloji xüsusiyyətlərinə nəzər yetirək. Yuxarı tənəffüs yollarına burun və burun boşluğu, burun-udlaq və qırtlaq daxildir. Tənəffüs yolu burun boşluğu ilə başlanır. Hava burun boşluğundan burun-udlağa, oradan ağız boşluğu ilə əlaqəli olan qırtlağa keçir. Ona gorə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs edə bilir.
Beləliklə, aşağıdakı xəstəliklər zamanı xorultu və YOAS yaranır:
1) burun tənəffüsünün pozulmasına gətirib çıxaran, burun boşluğunda anatomik və fizioloji dəyişiklər;
2) burun-udlaqda anatomik və fiziolji dəyişikliklər;
3) yumşaq damaq və damaq dilçiyinin selikli qişasının hiperplaziyası;
4) ağız-udlağın limfoadenoid törəmələrinin hiperplaziyası;
5) insanın artıq bədən çəkisi olduğu zaman udlağın selikaltı təbəqəsində piy yığıntıları;
6) ağız-udlağın əzələ aparatının neyrogen çatışmazlığı.
Xorultuya, həmçinin genetik amillər və ətraf mühitin təsiri də meyl yaradır. İnsanın yaşı artıqca udlağın yumşaq toxumalarının tonusu azalır və xorultunun yalnız tezliyi deyil, həm də ifadə dərəcəsi artır.
Xorultunun və YOAS-in mexanizmi: yuxuya gedərkən burun-udlaq və ağız-udlaq əzələləri boşalır. Əvvəlcə tənəffüs yolları divarlarının bir-birinə dəyməsi səbəbindən xorultu əmələ gəlir, daha sonra isə ağız-udlağın divarları enir və ağ ciyər ventilyasiyası kəsilir. Nəticədə 20-90 san. ərzində insanda tənəffüs dayanır. Bu isə hipoksiyaya gətirib çıxardır. Hipoksiyadan bütun toxuma və orqanlar əziyyət cəkir. Neqativ informasiya beyinə çatır və onu qıcıqlandırır. Bu anda insan xoruldayır, tənəffüs yollarını “açır”, 6-7 nəfəs alır. Tənəffüsün dayanmasının bu cür epizodları bir gecə ərzində 400-700 dəfəyə qədər ola bilər. Bu da gecə yuxusunun pozulmasına və səhər yuxululuğa gətirib çıxarır.
Xorultu, YOAS və fəsadlarının diaqnostikasının ən informativ metodu polisomnoqrafiyadır. Polisomnoqrafiya yuxu zamanı orqanizmin müxtəlif funksiyalarının kompleks monitorinqidir.
Amma bu metodun öz nöqsanları var – onun YOAS-ın konservativ və cərrahiyə müalicə nəticələri üzrə dinamikada təkrar tədqiqatların keçirilmə zərurəti ilə əlaqədar olan yüksək qiyməti və çox zəhmət tələb etməsidir.
Xorultu və YOAS-ın müalicəsi ümumi (profilaktik) və xüsusi (müalicəvi) tədbirlərə bölünür. Onlar da, öz növbəsində, konservativ və cərrahi müalicə metodlarına ayrılırlar.
Əsas məqam ilk növbədə rinoskopya zamanı aşkar edilir. Burun tənəffüsünün çətinləşməsinə imkan yaradan və nəfəs almağa böyük müqavimət yaradan səbəblər: burun çəpərinin əyriliyi, burun konxalarının hipertrofiyası, polipoz sinusit, damaq badamcıqlarının (tonzilla) hiperplaziyası, burun-udlağın kistası, piylənmə zamanı udlağın selikaltı təbəqəsində piy toxumasının yığılması, burun-udlağın xoşxassəli və bədxassəli törəmələri. Bütün sadalananlar yumşaq toxumaların vibrasiyası və xorultunun əmələ gəlməsi ilə müşayət olunur.
Xəstəliyin müalicəsi səbəbinə görə aparılır:
– bədən çəkisinin azalması;
– siqaretdən imtina etmək;
– alkoqol, trankvilizator və yuxu gətirici preparatların qəbulunun dayandırılması;
– yuxu zamanı bədənin vəziyyətinin dəyişməsi;
– CPAP-terapiya (ing. dil. “continuous aitway pressure”) ən efektiv konservativ müalicə metodudur. Buruna hava keçirməyən maska bərkidirlər, onun içərisində mini-ventilyator vasitəsilə artıg təzyiq yaradırlar. Pasientlər müalicənin artıq birinci gecəsi yaxşılaşma hiss edirlər. Amma bu metodikanın nöqsanı odur ki, o, yalnız kompensator xarakter daşıyır, yəni YOAS-nun sağalmasına gətirib çıxarmır.
Cərrahi metodlar lazerdən, kriocərrahiyədən, radiocərrahiyədən istifadə etməklə aparılır. Uvulopalatoplastika yumşaq damaqda xüsusi tikişlərin qoyulması əməliyyatıdır. Yüngül dərəcəli xəstəlikdə 98%, ağır xəstələrdə 60% effekt verir.
Son illər yumşaq damaq və burun-udlaqda yeni minimal invaziv cərrahiyə metodları işlənib hazırlanmışdır. Onların üstünlükləri: ətraf toxumalarınin zədələnməsini azaldan goruyucu kəsik, yaxşı koaqulyasiya effekti, yara divarlarının nekrozunun olmaması, onun tez sağalması, əməliyyat texnikasının sadəliyi.
Beləliklə, xorultu, xüsusilə də, yuxunun obstruktiv apnoe sindromu ilə müşayət olunan forması – kifayət qədər yayılmış xəstəlikdir ki, bu zaman hipoksiyadan organizmin bütün orqan və sistemləri əziyyət çəkir. Bu patologiya yalnız tibbi deyil, həm də sosial problemdir və vaxtında aşkar edilib aradan qaldırılması vacibdir.
Lalə Seyfullayeva
Orqanik.az