Müasir kosmetologiya üz və bədən dərisinin cavanlaşdırılması üçün çoxsaylı kosmetik vasitələr təklif edir.
Əgər siz xarici görünüşünüzü yaxşılaşdırmağa qərar vermisinizsə, onda mütləq müasir və ozünü təsdiq etmiş kosmetoloji mərkəzə müraciət edin. Burada həkim sizi diqqətlə müayinə etdikdən sonra, fərdi şəkildə olmaqla, məhz sizin üçün daha effektiv və sağlamlığınız üçün təhlükəsiz cavanlaşdırma sxemi hazırlayacaqdır. Üz və bədən dərisinin cavanlaşdırılması üçün müalicə kursuna müxtəlif proseduralar daxil ediləcəkdir. Onu da nəzərə almaq lazımdır ki, hər bir üsulun özünün də əks göstərişləri vardır.
Hesab olunur ki, dərinin qocalmasının əsas səbəblərindən biri onun toxumalarında oksigen çatışmazlığıdır.Ozonoterapiya- toxumalarda məhz oksigenin həcmini artıran proseduradır. Ozonoterapiya həm lazımi sahələrə dərialtı yerli inyeksiyalar şəklində, həm də bütün bədənə təsir etməsi üçün ozonlaşdırılmış fizioloji məhlulun damardaxili sistem şəklində yeridilməsi üsulu ilə aparılır. Nəticədə hüceyrələr səviyyəsində maddələr mübadiləsi sürətlənir, yeni hüceyrələr sintez olunur, kollagen və elastin hüceyrələrin yaranması sürətlənir, qırışlar hamarlaşır, dəri cavanlaşır, damar ulduzcuqları, piqment ləkələri yox olur.
Fotocavanlaşdırma (yüksək intensivli işığın köməyilə cavanlaşdırma) – cavanlaşdırmanın ən effektiv və məşhur üsullarından biridir. Fotocavanlaşdırmanın nəticəsində kiçik qırışlar, piqment ləkələri, damar ulduzcuqları yox olur, dərinin elastikliyi artır, üzün rəngi yaxşılaşır.
Lazerin təsiri altında dərinin strukturu yaxşılaşır, dəri elastik olur, kiçik qırışlar yox olur, piqment ləkələri solğunlaşır və ya tamamilə itir, üz konturu yaxşılaşır.
Lazerli cavanlaşdırmaya əks göstərişlər – hamiləlik, dərinin zədələnmələri və dəridəki irinli xəstəliklərin kəskinləşməsidir.
Məlum olduğu kimi krem, maska və bu kimi digər kosmetik vasitələr xaricə – dəri səthinə tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələr dəriyə hopmalıdır. Əgər dərman vasitələrini, vitaminlər, kollagen və dərimizə lazım olan digər vasitələri mikroiynələrlə dərinin içərisinə yeritmiş olsaq, onda onların effekti daha güclü olar. Mezoterapiyanın da mənası məhz bundan ibarətdir.
Bəzi insanlarda dəri daxilinə yeridilmiş bu preparatlara qarşı allergik reaksiyalar ola bilər. Ona görə də cavanlaşdırma prosedurasını keçirməmişdən əvvəl həmin şəxs tam tibbi yoxlamadan keçməlidir. Mezoterapiyanın köməyi ilə dəri səpgilərini, sellüliti, piylənməni, qırışları, saçların tökülməsini, üz dairəsinin sallanmasını və s. halları müalicə etmək olar.
Mezoterapiyaya əks göstərişlər: öd daşı xəstəliyi, qanın laxtalanmasının pozulması, hamiləlik, əməliyyatdan sonrakı bərpa dövrü, onkoloji xəstəliklər və s.
Dərin pilinq (və ya “cilalanma”) – dərinin nazik üst qatının xüsusi aparat vasitəsi ilə cərrahi üsulla xaric edilməsidir. Dərin pilinqin köməyi ilə səpgiləri, kiçik qırışları, çapıqları, tatuirovkanı aradan qaldırmaq olar. Prosedura mütəxəssisdən böyük ehtiyat və peşəkarlıq tələb edir. Dərin pilinq ümumi narkoz və antibiotik qəbulu ilə həyata keçirilir. Sağalma prosesi 7-14 gün çəkir. Əməliyyatdan sonra 3 ay ərzində dərini mütləq günəş şüalarının təsirindən qorumaq lazımdır ki, piqment ləkələri əmələ gəlməsin. Bu prosedura dərinin ağır irinli xəstəlikləri, epilepsiya, ağır somatik xəstəliklər, keloid çapıqların əmələ gəlməsinə meyllilik olduğu hallarda və s. keçirilə bilməz.
Kimyəvi pilinq – bu prosedura zamanı dəriyə nazik qatla çəkilən müxtəlif turşuların köməyi ilə dərinin üst qatı xaric edilir. Bu cavanlaşdırma üsulu daha tez nəticə əldə etməyə imkan verir: dərin olmayan qırışlar, səpgilər aradan götürülür. Kimyəvi pilinqin ən başlıca çatışmazlıqlarından biri, tətbiq edildikdən sonra, bir həftə ərzində (istifadə olunan preparatlardan asılıdır) dəridə qızartının qalmasıdır.
Orqanik.az