Müasir tibbin gündəmində kök hüceyrələri aktuallığını qorumaqdadır.
Kök hüceyrə dedikdə, bədəndə mövcud olan sadə dil ilə desək yetişməmiş (yetkinləşməmiş) hüceyrənin inkişaf edərək digər hüceyrə növlərinə (məsələn, əzələ, sümük iliyi, qan, göz, dəri, sinir və s.) çevrilə bilən növüdür. Bu hüceyrələrin ən böyük əhəmiyyəti onun vasitəsilə aşağıda adı çəkilən ciddi və müalicəsi sual altında olan bir sıra xəstəlikləri müalicə etmək mümkünlüyüdür: şəkərli diabet, Parkinson xəstəliyi, Altsaymer xəstəliyi, osteoartrit, insult, onurğa beyni xəstəlikləri, ürək infarktı, xərçəng, keçəllik, dişlərin, görmə və eşitmə qabiliyyətinin bərpası, yaraların sağaldılması, kişi sonsuzluğu.
Alimlərin araşdırmalarına görə kök hüceyrələr ən çox körpənin cift və göbək ciyəsi qanında toplanır. Müəyyən müddətə qədər kök hüceyrələrin yalnız qanda olduğu düşünülürdü. Lakin 2003-cü ilə uşaq stomatoloqu Dr. Songtao Shi təsadüfi bir şəkildə uşaqların süd dişlərində aşkar etdi. Bundan sonra dental kök hüceyrəsi anlayışı yarandı. Baxmayaraq ki, cift qanı ilə müqayisədə süd dişində kök hüceyrələrin sayı cüzidir, dental kök hüceyrəsi bankının verdiyi məlumata görə hüceyrə terapiyası üçün lazım olan minimum kəmiyyət-1 milyon hüceyrəni həmin süd dişi kök hüceyrələrinin çoxaldılması yolu ilə almaq mümkündür. Qeyd edək ki, cift qanında kök hüceyrələri milyonlarla olduğu halda, süd dişində onların sayı təxminən yüzdür.
Kök hüceyrələrin bu qədər faydasından yararlanmaq üçün müəyyən tibbi sistemə ehtiyac var. Belə ki, kök hüceyrəsinin hər iki mənbədən-cift qanı və süd dişi saxlanılması üçün cift qanı və dental kök hüceyrə bankına ehtiyac var. Bu hüceyrələr canlı olduğundan orqanizmi tərk edəndən qısa müddət sonra düzgün mühitdə və temperaturda saxlanılmalıdır. Alimlər qeyd edir ki, diş kök hüceyrələrini bankda 20 ilə qədər saxlamaq olar və müəyyən xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Yaradanın kök hüceyrələrinə verdiyi əsas üstünlüklərindən biri də ondadır ki, bu hüceyrə təkcə öz yiyəsinə deyil, yiyəsinin bütün yaxın qan qohumlarına xüsusən, valideynlərinə və bacı-qardaşlarına uyğun olub onların müalicəsində istifadə edilə bilər.
Yeri gəlmişkən 2007-ci ildə , Professor Peter Hartmann və Dr. Mark Cregan komandası ilə birlikdə ilk dəfə olaraq ana südündə kök hüceyrələrini aşkar etmişdirlər. Dr. Foteini Kakulas 2012-ci ildə bu kəşfi araşdıraraq qeyd etmişdir ki, ana südündə mövcud olan kök hüceyrələr bir başa sümük, piy, qaraciyər, beyin və mədəaltı vəzi hüceyrələrinə çevrilmək qabiliyyətinə malikdir. Həmçinin gənc alim ana südü kök hücerələrinin regenerativ tibb üçün mənbə olaraq istifadəsinin mümkünlüyünü qeyd edir.
Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir neçə cift və dental kök hüceyrələri bankları mövcuddur. Bu banklarda qeydiyyat keçmək istəyən ailə müəyyən qeydiyyat məbləği ödədikdən sonra illik saxlanma haqqı ödəməli olur. Ümid edirik ki, yaxın gələcəkdə bu cür banklar vətəminizdə sosial təbəqəsindən asılı olmayaraq bütün insanların ixtiyarında olacaqdır. Bu addım gələcəkdə milyonlarla insanın həyatını xilas etməyə səbəb olacaqdır.
Hazırladı: Səltənət Zülfüqarova
Orqanik.az