Uşaqlarda göz xəstəlikləri artıb – SƏBƏBLƏR

Texnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirməklə bərabər, eyni zamanda, müəyyən xəstəliklərə də yol açır.

Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur. Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.

Oftalmoloq-cərrah Taryel Rüstəmov Modern.az-a bildirib ki, uşaqlar çox erkən yaşlarda telefon və kompüterdən istifadə etməyə başlayırlar. Bu da azyaşlılarda göz zəifləməsini sürətləndirir: “Azyaşlı uşaqlarda göz zəifliyinin əsas səbəblərindən biri budur ki, onlar kompüter və telefonda oyun oynamağı sevirlər. Bu oyunlar uşaqları özünə aludə edir. Nəticədə onlardan aşırı dərəcədə istifadə etməyə başlayırlar. Valideynlər belə vəziyyətlərə hazır olmalı və övladlarına xüsusilə diqqət etməlidirlər ki, sonda bu problemlə üzləşməsinlər”.

Taryel Rüstəmov qeyd edib ki, azyaşlı uşaqlarda göz zəifliyinin digər səbəbləri də çoxdur: “Qohum evlilikləri, irsi amillər, bununla yanaşı, metabolik xəstəliklərin olması, gözün orqanik xəstəlikləri, akkommadasiyanın spazmı və başqa amillərdən irəli gələ bilər”.

T. Rüstəmovun sözlərinə görə, ciddi göz xəstəliklərindən əziyyət çəkən uşaqlar dərhal əməliyyat edilməlidir: “Elə xəstəliklər var ki, xəstənin uşaq vaxtında dərhal əməliyyat olunmasına ehtiyac olmur. Onlar uşaq yaşlarından ciddi nəzarətimiz altına götürülür. Müəyyən yaşdan sonra, adətən, 18-21 yaşdan sonra əməliyyat olunurlar. Ancaq katarakta, çəplik, anadangəlmə qlaukoma kimi ciddi göz xəstəliyinə tutulmuş uşaqlar ən tez zamanda əməliyyat olunmalıdırlar”.

Həkim bildirib ki, uşaqların qida rasionuna diqqət etməsi vacibdir: “Daha çox vitaminli qidalardan istifadə edilməsi məqsədəuyğundur. Balıq məhsullarına, eləcə də, meyvə-tərəvəz, süd və süd məhsullarına üstünlük verilməlidir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.