Uşaqda COVID-19 simptomları müşahidə edilirsə, onun test olunması mütləqdir. Uşaqlar COVID-19 xəstəliyini, adətən, yüngül keçirsələr də, məsələyə etinasız yanaşmaq olmaz. Nəzərə almaq lazımdır ki, immuniteti zəif, artıq çəkidən əziyyət çəkən, o cümlədən nevroloji problemləri olan uşaqlar koronavirusu çox ağır keçirə bilərlər. Belə problemlər olmadığı halda, uşaqlar COVID-19-u, adətən, yüngül və ya orta keçirirlər. Nadir hallarda isə bəzi uşaqlar infeksiyanı yüngül keçirsələr də, sağaldıqdan sonra onlarda orqanizmin bütün sistemlərini əhatə edən bir sıra xəstəliklər ortaya çıxa bilər. Lakin narahat olmağa dəyməz, çünki həmin xəstəliklərin də müalicəsi var.
Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov deyib.
Həkim-mütəxəssis bildirib ki, valideynlər qızdırması yüksək olan uşaqları çox qalın geyindirməməli, onlara bol maye içirtməli və istirahətlərini təmin etməlidirlər.
E.Rəhimovun dediyinə görə, infeksiya əlamətləri olan uşağı məktəbə və ya bağçaya göndərmək olmaz: “Uşağın səhhətində narahatlıq hiss edilən kimi həkim müayinəsi mütləq aparılmalıdır. Əlavə olaraq, uşaqları özbaşına müalicə etmək olmaz. Bəzi valideynlər övladları xəstələndiyi zaman aptekə üz tutaraq müxtəlif antibiotiklər alır və uşağı özbaşına müalicə etməyə çalışırlar. Əgər həmin dərman preparatları doğru təyinat olmazsa, uşağa çox zərər verə bilər. Həmçinin şəxsi gigiyenanın əhəmiyyətini qabartmaq, məsələni düzgün şəkildə uşaqlara izah etmək lazımdır. Əl təmizliyi, tibbi maskadan istifadə kimi gigiyenik qaydalara əməl etmək xüsusilə pandemiya dövründə çox vacibdir. Uşaqlar bir-biri ilə, mümkün olduğu qədər, yaxın təmasda olmamalı, onlar xəstələrdən uzaq saxlanılmalıdırlar. Gigiyenik qaydalar, onların vacibliyi və tətbiqi uşaqlara aşılanmalıdır”.
Orqanik.az