Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur. Araxıs ürək və damarlar üçün çox faydalı məhsuldur.
Amerikada aparılmış son elmi araşdırma göstərib ki, araxisin gündəlik qəbulu ürək-damar sistemi xəstəliklərinin riskini xeyli azaldır.
Orqanik.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmada 120 min nəfərdən çox insan iştirak edib. Məlum olub ki, həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır.
Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.
Maqnezium damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır.
Fitosterol pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.
Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar araxisi gündəlik qidalanmasına daxil etməlidir. Bu onların vəziyyətinə müsbət təsir edəcək.
Lakin bütün bu gözəl xüsusiyyətlərə baxmayaraq araxis ən güclü qida allergenlərindən biridir və allergiyadan əziyyət çəkən insanlar bu məhsulun qəbulundan imtina etməlidir.
Orqanik.az