Ürəyin işemik xəstəliyi

İnsanların əksəriyyətinin fikirinə görə, ürəyin işemik xəstəliyi yalnız yaşlı insanlarda inkişaf edə bilər.

Lakin bu səhv fikirdir. Bu xəstəlik hətta cavan insanlarda inkişaf edə bilər. Hal hazırda bütün dünyada kardioloqlar ürək xəstəliklərin “cavanlaşmasını” qeyd edirlər.

Ürəyin işemik xəstəliyi illər, hətta 10 illər ərzində inkişaf edir. Xəstəliyin ilk simptomaları inkişaf etməyə başladıqda insan mütləq kardioloqa müraciət etməlidir. Bu halda müəyyən müalicə tədbirlərinin köməyi ilə xəstəliyin inkişafını dayandırmaq mümkündür. Lakin bir çox hallarda xəstələr bu xəstəliyin daha gecikmiş mərhələlərində həkimə müraciət edir ki, bu halda xəstəliyi müalicə etmək daha çətin olur.

Nəzərinizə çatdıraq ki, ürəyin işemik xəstəliyi miokardın infarktı kimi ağır pozulmanın əsas səbəbidir. Miokardın infarktı isə bütün dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri sayılır.

Ürəyin işemik xəstəliyinin ilk əlamətlərindən biri ürək nahiyyəsində olan narahatçılıq, ağırlıqdır. Əgər fiziki və ya emosional gərginlikdən sonra ürək nahiyəsində ağrılar əmələ gəlirsə və sonra sakit vəziyyətdə keçirsə, bu işemik xəstəliyin inkişafına şübhə yaradır. Bundan əlavə döş sümüyü arxasında əmələ gələn istənilən monoton ağrı (ağrının intensivliyindən və   insanın yaşından asılı olmayaraq) kardioloqa müraciət etmək üçün mütləq səbəb sayılır.

Nəzərinizə çatdıraq ki, xəstələrin 1/3 hissəsində xəstəlik simptomsuz olaraq inkişaf edir. Bu xəstəliyin ən təhlükəli formasıdır. Özünü yaxşı hiss edən və heç bir ağrı və narahatçılıq hiss etməyən insanda xəstəlik illər ərzində gizli inkişaf etdikcə ani ürək ölümü ilə nəticələnə bilər. Məhz bu səbəbdən hətta cavan insan hər il kardioloqun profilaktik müayinəsindən keçməlidir.

Əksər hallarda isə ürəyin işemik xəstəliyi döş sümüyü arxasında, qolda, aşağı çənədə, kürəkdə ağrılar, təngnəfəslik, ürəkbulanması, tərləmə, ürək ritminin pozulması kimi simptomlarla özünü büruzə verir.

Xəstəliyin ən yayılmış simptomu stenokardiya sayılır. Stenokardiyanın əsas əlaməti ağrıdır. Stenokardiya tutması zamanı ağrı əksər hallarda döş sümüyü arxasında, adətən bir qədər solda, ürək nahiyəsində hiss olunur. Ağrı çiyinə, qola, boyuna, kürəyə yayıla bilər. Ağrıdan əlavə insan tutma zamanı ürək nahiyəsində ağırlıq, sıxılma, yanğı hiss edir. Ağrının intensivliyi müxtəlif ola bilər (yüngül, orta və ya çox güclü).

Ağrı qorxu, həyacan, halsızlıq, ürəkbulanması, tərləmə ilə müşayiət oluna bilər. Xəstənin dərisi avazıyır və nəm olur, bədən hərarəti aşağı düşür, xəstə tez-tez və səthi nəfəs alır, ürək döyünməsi tezləşir.

Stenokardiya tutması bir neçə dəqiqə ərzində (10 dəqiqəyə kimi) davam edir. Tutmanı  aradan qaldırmaq üçün insan uzanmalı və nitroqliserin  həbini dilinin altına qoymalıdır.

Lakin əgər nitroqliserin həbinin qəbulundan sonra tutma davam edərsə və simptomlar daha da ağırlaşarsa, bu çox təhlükəli haldır. Bu miokard infarktın inkişafına işarə edir. Bu halda dərhal “təcili yardım” çağırmaq lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.