Qırxbuğum müalicəvi bitkilərdən biridir. Ona yolotu, xarmanotu da deyirlər. Latınca adı “Polygonum aviculare L”-dir. Növləri çoxdur.
Orqanik.az aztibb.az-a istinadən bildirir ki, qırxbuğum dünyanın bir çox ölkələrində yabanı halda yayılıb. Azərbaycanda isə ən çox Böyük Qafqazın qərbi, şərqi, Böyük Qafqazın Quba sahəsinin rayonlarında, yuxarı dağ qurşağından alp qurşağına kimi, aran bölgələrdə, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində geniş yayılıb.
Qırxbuğum qol-budaqlı gövdəyə malik ot bitkisidir. Gövdəsi və bütün qol-budaqları çoxlu buğumlardan ibarət olduğuna görə adına qırxbuğum deyirlər.
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir.
Elmi, praktiki, eksperimental Tibet, Çin və xalq təbabətində, eləcə də homeopatiyada və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xoraları, dizenteriya, öd kisəsi, böyrək, böyrək daşlarının müalicəsi, sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, dəri, malyariya xəstəlikləri, şişlər, podaqra, babasil, qanaxmalar zamanı istifadə olunur. Antioksidant, antihelmint-qurdqovucu, fitonsid, sidikqovucu, hərarəti salan, hipotenziv, qansaxlayıcı, büzücü, damargenişləndirici, şüalanmadan qoruyucu, iltihab proseslərinə qarşı və s. təsirə malikdir.
Qırxbuğum sidikqovucu bitki kimi hələ çoxdandır ki, elmi təbabətə və xalq təbabətinə məlumdur.
Bu bitkidən, həmçinin vərəm xəstəliyinin, daxili qanaxmalar, yüksək qan təzyiqi kimi xəstəliklərin müalicəsi barədə bir çox mənbələrdə geniş məlumatlar verilib.
Orqanik.az