Qalxanabənzər vəzin xoşxassəli və bədxassəli düyünləri

Qalxanabənzər vəzin düyünləri həm xoşxassəli, həm də bədxassəli proseslər nəticəsində əmələ gələ bilər. Qalxanabənzər vəzin düyünü ilə bağlı müayinə edilən hər hansı şəxsdə əsas məqsəd xərçəng, yəni bədxassəli prosesin istisna edilməsidir.
Ümumiyyətlə, qalxanabənzər vəzdə düyünlər adətən digər səbəblərdən aparılan fiziki müayinə və ya görüntüləmə (KT, MRT və ya USM) zamanı rast gəlinmiş tapıntı (inçidentalom) kimi müəyyən edilir.

Klinikası:
Xəstələrin müayinəsi zamanı hiper- və hipotiroidizmin simptom və əlamətlərinin müəyyən edilməsinə diqqət yetirilməlidir. Xəstədən çəkisinin artma və ya azalması, saçların tökülməsi, soyuğa və ya istiyə dözümlüyü, ürək döyüntüsünün artması, əsəbilik, apatiya və s. bu kimi simptomlar soruşulmalıdır. Eyni zamanda, disfoniya (səsin dəyişməsi), disfagiya (udmanın pozulması) və ya dispnoe (təngənəfəslik) kimi xəstəliyin əlamətlərinin mövcudluğu öyrənilməlidir. Bundan başqa, xəstənin şüalanmaya məruz qalması, hamilə olub-olmaması, yod (J) tərkibli dərman preparatlarından istifadə edib-etməməsi də soruşulmalıdır.

Bədxassəli şişin yaranmasına təkan verən risk faktorları:
* uşaqlıq dövründə baş və boynun şüalandırılması
* sümük iliyinin köçürülməsi məqsədilə bütöv bədənin şüalandırılması
* ailədə qalxanabənzər vəzin xəstəliyi və ya qalxanabənzər vəzin xərçənginin olması
* düyünün sürətlə böyüməsi
* səsin batması.

Fiziki müayinə zamanı düyünün xərçəng olması ehtimalını artıran xüsusiyyətlərə aşağıdakılar aiddir:
* fiziki müayinədə düyünün fiksə olunmuş olması, bərk olması və ya sürətli böyüməsi,
* disfoniya, disfagiya və dispnoenin olması,
* boyun limfa düyünlərinin adenopatiyası (LAP).

Qalxanabənzər vəzdə düyünün differensial diaqnostikası aşağıdakılardan ibarətdir:
* xoş xassəli çoxdüyünlü zob
* sadə kista, hemorragik kistalar
* tiroidit: yarımkəskin tiroidit və ya xroniki limfositik tiroidit
* tiroid follikulyar adenoma
* tiroid kanseri (xərçəngi):
* follikulyar tiroid xərçəngi
* papilyar tiroid xərçəngi
* medulyar tiroid xərçəngi
* Hurtl hüceyrəli tiroid xərçəngi
* anaplastik tiroid xərçəngi (karsinoması)
* ilkin tiroid limfoması
* sarkoma
* teratoma
* metastatik şiş

Qalxanabənzər vəzin düyünü müəyyən edildikdə diaqnostik testlər baxımından ilk növbədə TSH – tiroid stimullaşdırıcı hormonun səviyyəsi təyin edilir.

Əgər TSH səviyyəsi aşağıdırsa, onda xəstədə xərçəng xəstəliyinin olma ehtimalı azalır. Bu zaman aşağıdakı testlər keçirilir:

*sərbəst tiroksin – fT4, ümumi – T3 və ya sərbəst triyodtironin – fT3 səviyyəsi ölçülür.

*düyünün avtonom funksional olmasını təyin etmək üçün radionüvə müayinəsi (sintiqrafiya) keçirilir:

1. Sintiqrafiya düyünləri hiperfunksional (isti), hipofunksional (soyuq – xərçəng olma potensialı yüksək!!!) və ya qeyri-müəyyən (çoxdüyünlü zob həm isti, həm də soyuq düyünlərin olması ilə xarakterizə edilə bilər) kimi qiymətləndirir.

2. TSH səviyyəsi aşağı olan və qalxanabənzər vəzin düyünü sintiqrafiyaya əsasən hiperfunksional (və ya “isti”) düyün kimi təyin edilən xəstələr hipertiroidizmlə bağlı müayinə edilməlidir. Bu xəstələrdə düyünün nazik(incə) iynə ilə aspirasiyasına (biopsiyasına) ehtiyac yoxdur.

Əgər TSH səviyyəsi yüksəkdirsə, bu zaman həmin xəstələrdə sərbəst tiroksin – fT4 və anti-tiroid peroksidaz anticisimciklərinin (TPOAb və ya antiTPO) səviyyəsi ölçülür. TPOAb – ın səviyyəsi yüksək olduqda və kiçik həcmli və ya diffuz böyümüş və bərkimiş qalxanabənzər vəzə malik olan xəstələrdə autoimmun tiroidit – Haşimoto tiroiditi daha çox ehtimal edilir.

İnstrumental müayinələr

Müəyyən səbəbdən aparılmış həm fiziki müayinə, həm də görüntüləmə nəticəsində qalxanabənzər vəzdə müəyyən edilmiş düyünlər bütün hallarda ultrasəslə müayinə – edilməlidir (USM – UZİ).

Ultrasəs müayinəsilə iynə ilə düyünün aspirasiyası palpasiya edilməyən, habelə tiroid vəzinin arxa payında və daha çox kistalı olan düyünlərin müayinəsində istifadə edilir. Sintiqrafiyada hiperfunksional (isti sayılan) düyünlər aspirasiya edilmir. Tapılmış düyünlər ilk öncə USM-lə müayinə edilməli, sonradan isə iynə ilə aspirasiya nəzərdən keçirilməlidir. Müəyyən hallarda qanda kalsitonin səviyyəsinin təyini qalxanabənzər vəzin düyünlərinin araşdırılmasında istifadə edilə bilər. Lakin nəzərə alınmalıdır ki, qanda kalsitonin hormonun artması həm medulyar tiroid xərçəngi, həm də ağciyər və ya mədəaltı vəzin endokrin şişləri, böyrək çatışmazlığı, autoimmun tiroidit və hiperqastrinemiya ilə əlaqədar ola bilər. Ailə üzvlərində MEN 2 sindromu və ya medulyar tiroid xərçəngi qeydə alınmış xəstələrdə kalsitonin səviyyəsinin təyini faydalı ola bilər.

Hamilə qadınların müayinəsi bir istisna olmaqla qalxanabənzər vəzdə düyünü olan digər xəstələrin müayinəsindən fərqlənməməlidir. İstisna isə hamilə qadınlarda radio-nüvə sintiqrafiyasının keçirilməməsidir ki, bu dölün şüalanmasına səbəb ola bilər. Əgər hamilə qadınlarda qalxanabənzər vəzin eutiroid və ya hipotiroid vəziyyətdə olduğu müəyyən edilibsə, incə iynə ilə aspirasion biopsiya (irəlidə izah ediləcək) aparılmalıdır.

Uşaqlarda müəyyən edilmiş düyünlər böyüklərdə olduğu kimi araşdırılmalıdır.

Qalxanabənzər vəzdə düyünlərin MRT və ya KT ilə müayinəsi məsləhət edilmir. Bəzi hallarda əməliyyatdan qabaq düyünün ölçüləri, tənəffüs yollarının kompressiyası və ya düyünlü zobun döş sümüyünə qədər böyüməsini qiymətləndirmək üçün MRT və ya KT tətbiq edilə bilər.

Dietoloq-endokrinoloq Əhədov Səlim

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.