Bədənin təmizlənmə prosesində böyrəklərlə yanaşı başqa orqanlar da iştirak edir. Belə orqanlar arasında qarın boşluğu orqanları və periton daxildir. Bəzi halda böyrək əvəzedici terapiya kimi periton dializi seçilir.
Bu zaman cərrah əvvəlcə xüsusi cərrahi əməliyyat vasitəsilə periton boşluğuna kateter qoyur. Bu kateter vasitəsilə xəstənin periton boşluğu xüsusi tərkibli steril məhlulla doldurulur. Bu məhlula toksinlər və qanda olan metabolitlər keçir. Bir neçə saatdan sonra məhlul qarın boşluğundan çıxarılır, belə ki, məhlulda həll olmuş maddələr də bədəndən çıxır.
Belə əməliyyatı xəstə evdə müstəqil şəkildə özü və ya qohumlarının köməyi ilə edə bilir. Yəni gündə 4-5 dəfə qarın boşluğundakı mayeni yenisiylə dəyişir. Məhlulun dəyişilməsi çox sadə əməliyyat olub 20 dəqiqə vaxt aparır.
Bu əməliyyatı aparmaq üçün xüsusi bilik, təcrübə tələb olunmur. Amma əməliyyat zamanı gigyenik və aseptik qaydalara əməl eləmək lazımdır.
Bəzi xəstələr periton dializinə üstünlük verirlər, çünki bu zaman özlərini daha azad və sərbəst hesab edirlər. Ölkəmizin ucqar bölgələrində yaşayanlar üçün periton dializinin əvəzedici böyrək dializi kimi tətbiqi daha əlverişlidir. Amma məhlulların bahalığı və həkimlərin informasiyasızlığı üsulun yayılmasına mane olur.
Orqanik.az