Oynaq çıxıqları, travma zamanı oynaqda olan sümüklərdən birinin oynaq kapsulasını yırtaraq oynaq boşluğu daxilindən xaricə çıxması hallarında baş verir.
Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir.
Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə birər: uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, o narahat olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir, toxunduqda isə daha bərkdən ağlamağa başlayır.
Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə (sınıqçılara) müraciət etməyə cəhd etməyin! Travmadan sonra ilk 1-2 saat ərzində (!) zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın.
Yuxarı ətrafın hər hansı oynağı yerindən çıxdıqda, zədələnmiş ətrafı boyuna bağlanmış ləçəkdən sallamaq, zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoymaq, daha sonra isə xəstəni təcili şəkildə travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır.
Aşağı ətrafdakı oynaq çıxığı zamanı zədə alan şəxsi uzatmaq, xəstə ayağa tam rahatlıq vermək üçün onun altına yastıq və ya mütəkkə forması verilən dəsmal qoymaq lazımdır.
Zədələnmiş oynağın ətrafına parçaya bükülmüş buz qoyun. Dərhal “təcili yardım” çağırın və dispetçerə oynaq çıxığından sübhə olmasını söyləyin. Aşağı ətrafdakı oynaq çıxığı zamanı xəstəni yalnız xərəkdə daşımaq olar!
Orqanik.az