Orucluqdan sonra necə qidalanmalıyıq?

Ramazan ayı bədənimizin və ruhumuzun təmizlənməsi üçün bizə verilən fürsətdir. 14 saata yaxın bir müddətdə ac qalaraq bu ayı biz müəyyən bir rejimlə keçirmişik. Öz standart rejimimizə qayıtmadan öncə bayram günlərində qidalanmağımıza diqqət yetirməliyik.

Orqanik.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Tutu Zeynalova deyib.

“1 ay müddətində müəyyən bir rejimə öyrəşmiş bədənimizi birdən-birə çox qidalanmaqla yükləmək olmaz. Ramazan ayı bitdikdən sonra da gündə iki dəfə qidalanaraq rejimə davam etməliyik. Sadəcə burada saat dəyişikliyi etmək lazımdır. Səhər yeməyini bir az gecikdirərək 10:00-11:00 arası, axşam yeməyini isə saat 17:00-18:00 arası yemək lazımdır. Bu zaman iki dəfə qidalanma rejiminə öyrəşmiş bədənimizi standart rejimə gətirə bilərik və sağlamlığımız üçün faydalı olar. Belə halda istər şəkərli diabet, istərsə də ürək-damar xəstəliklərinin riskini azaltmış olarıq”, – o bildirib.

Diyetoloq bayram süfrələrinə ciddi diqqət yetirməyin vacibliyindən danışıb:

“Çox yağlı və şəkərli qidalara üstünlük vermək olmaz. Tərəvəzlərdən istifadə etmək lazımdır. Bayram süfrələrində yeməyimizə salatla başlayıb, ətlə davam edib, karbohidratları sona saxlamalıyıq. Şirniyyat yeyən zaman isə daha çox südlü şirniyyatlara üstünlük verməliyik. Birdən-birə çox qidalanmaq həzm sistemimizi poza, həzmsizlik, köp və digər narahatlıqlara səbəb ola bilər”.

Tutu Zeynalova qeyd edib ki, yuxu rejimimizi tənzimləyib axşam saat 23:00-dan gec olmamaqla yatmaq lazımdır.

Diyetoloq su içməyin vacibliyindən danışıb:

“Çəkimizin 3%-i mislində gündəlik su içməyi də unutmamalıyıq. Qazlı və şirin içkilərə üstünlük verməməliyik. Gün ərzində hər saat 1 stəkan su içsək bizim üçün faydalı olar. Çünki Ramazan ayı boyunca su ehtiyacımızı kifayət qədər ödəyə bilməmişik”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.