“Omicron”a ən yaxşı təsir edən peyvənd hansıdır?

“Omicronun insan orqanizmi üçün əsas təhlükəsi digər koronavirus variantlarında olduğu kimi ağciyər toxumasını zədələməsidir. Bununla da öncə tənəffüs, sonra digər orqan çatışmazlıqlarını törətməsi ilə bağlıdır”.

Orqanik.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında infeksionist Nicat Əzimli deyib.

O, bildirib ki, bu ağır xəstəlik hallarına aid olan gedişatdır. Artıq bir çox araşdırma nəticələri ilə bağlı qeyd olunur ki, belə ağırlaşmalar omicronda baş versə də, öncəki variantlarla müqayisədə daha az rast gəlinir:

“Omicron daha çox yuxarı tənəffüs yollarının epitel hüceyrələrinə trompluq göstərdiyinə görə həyati təhlükəsi nisbətən daha azdır. Lakin, yenə də qeyd edirəm, bu öncəki variantlara nisbətən belədir. Hər bir halda bu varianta yoluxmamaq üçün də peyvəndləmə, maskadan istifadə və sair digər tədbirlər önəmli olaraq qalır”.

İnfeksionistin sözlərinə görə, omicronun ölkə üçün əsas riski isə digər ölkələrdən gördüyümüz kimi sürətli yoluxma xüsusiyyətidir. Belə olduğu halda isə səhiyyə sistemi və bütün digər sektorlarda ciddi problemlər yaranır.

“Son olaraq nəzərə alsaq ki, 2 doza peyvənd omicrondan qorumur, bu o deməkdir ki, Azərbaycanda 2 doza peyvənd almış şəxslər omicrona qarşı tədbir olaraq buster dozanı da mütləq vurdurmalıdırlar. Xüsusilə Pfizer-Biontech vaksini omicrona qarşı effektinə görə daha uğurludur”.

Nicat Əzimli yeni ştamın Azərbaycanda aşkar olunması ilə bağlı bu sözləri deyib:

“Son vaxtlarda yoluxma dinamikasında biz artım görürdük. Bununla yeni ştam barədə şübhələr də artıq var idi. Bu günün təsdiqlənməsi ilə aydın oldu ki, Azərbaycandakı yoluxma saylarındakı artımın bir neçə səbəbi ola bilər. Bunlardan biri də elə “Omicron” variantının olması artıq realdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.