Nə üçün bəzi adamlar riyaziyyatı anlamır?

Elmlər şahı çoxlarına çətin gəlir: düsturlar, loqarifmlər, inteqrallar və sinusoidlər bəzən, hətta ən cəsur və ürəkliləri də hürküdür. Bəs, təkcə paraleloqramı paralelepipeddən, üçbucağı kvadratdan ayıra bilmirsizsə, necə olsun?

Riyazi qabiliyyətin olmaması, yəni diskalkuliya zəif öyrənilib. Amma statistika inadkardır və deyir ki, dünyada uşaqların 5-7%-i diskalkuliya ilə yaşayır. Söhbət triqonometriya, stereometriya və “mənə həyatda bu lazım olmayacaq” bəndinə düşənlərin anlanılmamasından getmir, söhbət 4 + 3 = problem hallarından gedir, hərçənd ki, sənin artıq beş, hətta on yaşın yoxdur. Bu psixonevroloji pozuntunun çarəsi yoxdur.

Xəstəlikdir ya yox?
Orqanik.az “Ailə Həkimi”nə istinadən bildirir ki, diskalkuliya haqqında sərbəst pozuntu kimi yalnız bu əsrin əvvəlində danışmağa başladılar. 2001-ci ildə Böyük Britaniyada onu rəsmən təlim qabiliyyətsizliyi kimi qəbul etdilər. Diskalkuliya Beynəlxalq xəstəliklər təsnifatına daxil edilib, lakin mütəxəssilər arasında onun xəstəlik olmasına dair fikir ayrılığı mövcuddur. Bu pozuntudan əziyyət çəkən uaqları riyaziyyatla sadəcə çətinliyi olan uşaqlardan ayırmaq mümkündür.

Diskalkuliya zamanı uşaq yalnız riyaziyyatı ağır mənimsəyir, belə ki, geriləmə ümumi intellekt səviyyəsinə və digər fənləri mənimsəmə səviyyəsinə ziddir. Uşaq zaman və məkan orientasiyasında çətin­lik çəkir, məntiqi-qramatik konstruksiyalarla bağlı problem yaşayır. Neqativ yaddaş fenomeni formala­şır: pozuntusu olan uşaqlar öz səhvlərini düzgün cavablardan tez yadda saxlayır, riyazi məsələlərlə təkbaşına qalmaqdan panik qorxu keçirir. Yaşından asılı olmayaraq, diskalkuliyalı adamlar sosiuma çətin uyğunlaşır, yüksək həyəcanlılıq keçirir.

Məsələ irsidir?
Diskalkuliya, adətən, anadangəlmə pozuntudur. Bu diaqnoz qoyulan uşaqların valideynlərindən biri də riyaziyyatı pis qavrayır. Amma bəzən iqtisadçıların və nüvə-fizikçilərin ailəsində də riyazi qabiliyyəti olmayan uşaqlar doğulur. Lakin diskalkuliyanı həyat boyu alınan psixoloji travmaların nəticəsində də qazanmaq mümkündür. Misal üçün, səhvlərə görə danlanan və zorla rəqəmləri öyrənməyə vadar olan uşaqlar özünə qapanır, inamsız olur, riyaziyyatı öyrənmək istəmir. Sonrada diskalkuliya formalaşır.

Bəzən uşaq bağçası, məktəb və universiteti geridə qoyan yetkin adamlarda da keçirilmiş kəllə-beyin travmaları nəticəsində hesab qabiliyyəti itir. Ağır beyin zədələri nəticəsində pozuntunun son mərhələsi akalkuliya yaranır, insan ən sadə riyazi hesablama bacarığını itirir, rəqəmlərin yazılışında çaşır, şifahi hesabda dolaşır. Məsələnin sualına cavab verməzdən əvvəl standart arifmetik qabiliyyətli adamdar onun şərtini öyrənir, təhlil edir, başında həlli planını cızır və yalnız axırda müəyyən arifmetik hesablamalar apararaq düzgün cavab alır.

Beyin zədəsi almış insanlar isə nitq və məntiq problemləri yaşayır, bölmə, vurma, toplama və çıxmanı bacarır, lakin hansını nə vaxt etməyi bilmir, “ata oğuldan böyükdür”, “kölgə qələmdən uzundur” kimi ifadələri ağır anlayır, məsələnin mətnindən tam informasiyanı çıxarmağı bacarmır və şərti anlamadıqlarından düzgün cavab alınmır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.