Miokard infarktı xəstəliyinin dəqiq diaqnozunu EKQ və exokardioqrammanın nəticələri təsdiq edir. Amma bəzi xəstəliklər vardır ki, onların əlamətləri infarktın əlamətlərinə çox bənzəyir. Hətta kardioqrammanın nəticələrinə baxana qədər bu xəstəliyi infarktla qarışdırmaq olar. Həmin xəstəliklər aşağıdakılardır:
İdiopatik hipertrofik kardiomiopatiya.
Bu xəstəliyin bütün əlamətləri miokard infarktının əlamətlərinə bənzəyir. Xəstəlikləri bir-birindən ayırmaq üçün EKQ-nin nəticəsi və xəstənin cavan olmasıdır.
Sol tərəfli döş radikuliti və kəskin miozit.
Bu xəstəliklər qəflətən meydana çıxan ağrı, bədənin soyuması ilə infarkta çox bənzəyirlər. Sadəcə olaraq onları infarkdan ayıran ağrının hərəkətlə bağlı olması, tənəffüs zamanı,öskürdükdə və asqırdıqda ağrının şiddətinin daha da artmasıdır. Qabırğa arası sinir boyunca ağrının olması da xəstəliyin ürəklə bağlı olmadığından xəbər verir.
Kəmərləyici dəmrov.
Bu xəstəlik də sol tərəfli baş verdikdə ağrının eyni yerdə lokalizasiyalaşmasına görə infarktla tez-tez səhv salınır. Yalnız EKQ-nin müayinəsi diaqnozu dəqiqləşdirir.
Sol tərəfli quru plevrit və ya sol tərəfli pnevmoniya.
Hər iki xəstəliyin əlamətləri miokard infarktınınkına bənzəyir. Əgər kəskin meydana çıxan ağrı çox güclüdürsə və xəstədə respirator infeksiya simptomları nəzərə çarpmırsa, bədən tempraturunun tez və çox yüksək artması, ağrının öskürəklə bağlı olması, tənəffüsdə xarakterik dəyişikliklər xəstəliyin infarkt olmadığının göstəricisidir. Reüntgenoloji müayinə və laborator analizlərin nəticələri də xəstəliyin ağciyərlə bağlı olduğunu təsdiqləyər.
Spontan pnevmatoraks.
Xəstəlik kəskin ağrı, taxikardiya, arterial təzyiqin enməsi, təngnəfəsliklə miokard infarktının əlamətlərinə bənzəyir. Anamnezə qulaq asdıqda infarkt əlamətlərinə çox oxşadığına görə diaqnozu dəqiqləşdirmək üçün mütləq EKQ-nin nəticəsinə baxmaq lazım gəlir.
Qida borusunun diafraqmal yırtığı.
Xəstəlik döş sümüyünün arxasında və döş qəfəsinin sol hissəsində baş verən güclü ağrılarla, taxikardiya əlamətləri ilə infarkta çox bənzəyir. Diafraqmal yırtıq zamanı arterial təzyiqin də oynamaşı çaşdırıcı əlamət olur. Diaqnozu təsdiqləmək üçün EKQ-nin nəticələri əsas götürülür.
Kəskin qida toksikoinfeksiyası.
Bu zaman meydana çıxan əlamətlər miokard infarktının qatralicus variantının əlamətlərinə çox bənzəyir. Xüsusilə də yaşlı adamlarda miokard infarktının bu formasına rastlananda, xəstələrdə təzyiqin enməsi, sol qabırğaaltı ürək nahiyədə lokallaşan ağrı çaşdırıcı simptomlar sayıla bilir. Bunun üçün yaşlı şəxslərdə qida toksikoinfeksiyası əlamətlərinə rast gəldikdə ilk növbədə EKQ çəkdirmək lazımdır.
Orqanik.az