Ürək-damar xəstəlikləri (ÜDX) 2 tipli şəkərli diabetli xəstələrin aparıcı ölüm səbəbidir. Bu, yeni əsaslı şəkərsalıcı terapiya yanaşmalarının işlənilməsi üçün əsas verir. Qlikemik nəzarətdən başqa, ürək-damar xəstəlikləri risk faktorlarının, o cümlədən arterial hipertenziyanın, dislipidemiyanın, piylənmənin erkən korreksiyası diabetin gec fəsadları riskinin minimizasiyasında mühüm rol oynayır.
İnkretin təsirli şəkərsalıcı vasitələrin ümidverici sinif nümayəndəsi olan qlükaqonaoxşar peptid-1 reseptorları aqonistləri qlükoza metabolizmini çoxsaylı mexanizmlərlə tənzimləyir. Bu tip preparatların təyin edilməsi 2 tipli şəkərli diabetin ən erkən mərhələsindən başlayaraq patogenetik əsaslı müalicə yanaşmasıdır.
Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, son üç onillikdə dünyada şəkərli diabet xəstələrinin sayı iki dəfədən artıq çoxalıb ki, bu da xəstəliyi demək olar ki, bütün ölkələrdə ən vacib problemlər sırasına qatıb. Beynəlxalq diabet federasiyasının (International Diabetes Federation) son məlumatlarına əsasən, XXI əsrin əvvəlindən 20-79 yaş qrupunda şəkərli diabetin yayılma səviyyəsi 151 mln-dan 463 mln adama qədər artmışdır. Ekspertlərin proqnozuna görə, artıq 2030-cu ilə qədər xəstələrin sayı 578 mln qədər artacaq və onların əksəriyyəti indi olduğu kimi 2 tipli şəkərli diabetli pasiyentlər olacaq.
Ürək-damar xəstəlikləri 2 tipli şəkərli diabet xəstələri arasında ölüm və əlilliyin əsas səbəbidir. Şəkərli diabetlə bağlı letal sonluqların üçdə birindən yarıya qədəri ürək-damar xəstəliklərinin payına düşür. Ürək-damar xəstəlikləri fəsadlarının daşıdığı klinik yükü nəzərə alaraq bu xəstəliklərin yanaşı idarəolunmasına böyük diqqət ayrılır. Yəni 2 tipli şəkərli diabet müalicəsinin məqsədi təkcə qlikemik nəzarət deyil, bununla yanaşı, kardiovaskulyar xəstəliklərlə bağlı xəstələnmə və ölüm hallarının qarşısının alınmasıdır.
Son onillikdə aparılmış metaanalizlər göstərir ki, müasir hipoqlikemik preparatlar antihiperqlikemik təsirlə yanaşı, kardiorenometabolik sistem orqanları funksiyasına da müsbət təsir göstərir. Bu preparatlara 2 tipli natrium-qlükoza kotransportyor inhibitorları (iNQLT-2) və 1 tipli qlükaqonaoxşar peptid aqonistləri (aQPP- 1) aiddir.
İnnovasion müalicə üsulları gündəlik klinik praktikada pasiyentə qarşı terapevtik yanaşmanı fərdiləşdirməyə, ürək-damar hadisələrinin sayını azaltmaq və ya qarşısını almağa, mikro- və makrodamar fəsadların inkişafını ləngitməyə kömək edir.
Orqanik.az