Pandemiya dövründə vətəndaşlara təyin edilən həkim reseptlərinin əksəriyyəti onlayn qaydada yazılıb. Ödəniş isə bank kartı vasitəsilə həkimə çatdırılıb. Bu barədə dəfələrlə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.
Ümumiyyətlə həkimin xəstəni görmədən, əyani müayinə etmədən, xüsusilə infeksion xəstəlik üçün müalicə yazmaq ixtiyarı varmı? Bu hər iki tərəf üçün riskli məsələ deyilmi?
Orqanik.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev oxu.az-a bildirib ki, tibdə həkim üçün xəstəlik yoxdur, xəstə vardır. Yəni həkimlər xəstəlikləri deyil, xəstəni müalicə edirlər:
“Xəstəyə müalicə yazmazdan öncə mütləq şəkildə digər yanaşı xəstəliklərini, onu narahat edən ümumi simptomları nəzərə alınmalıdır. Bu gün xəstəni görmədən yazılan bir dərman ona ziyan vura bilər. Burada standart müalicədən çox, bəzi dərman preparatlarının xəstələrə zərər vurduğunun şahidi oluruq. Bəzən bu kimi halları görmüşük, təəssüf olsun.
Xəstənin anamnezi toplanılmadan, zəruri analizlər tələb edilmədən yazılan dərman müalicələri onlarda qanaxmalara, qaraciyərdə müxtəlif ciddi problemlərə yol aça bilir. Yaxşı olar ki, xəstələr birbaşa həkimə müraciət edib əyani müayinədən keçdikdən sonra müalicəyə başlasınlar. Bu onların təhlükəsizliyi üçün çox önəmlidir”.
Həkim terapevt evdə “sistem” təyinatı ilə bağlı da danışıb:
“Təəssüf olsun ki, bu gün ehtiyac oldu-olmadı hər kəs ev şəraitində “sistem” vurdurur. Bu heç də doğru deyil.
Əgər biz orqanizmin ehtiyacı olan zülalı, mikroelementləri normal qidalanma yolu ilə əldə edə biliriksə, sistemə ehtiyac yoxdur. Ağzımız ilk növbədə qida qəbulu üçün, daha sonra danışmaq üçün yaradılıb. Əgər biz ağızdan qida maddələrini, mayeni orqanizmə ötürə bilmiriksə, yalnız o zaman məcburuq ki, orqanizmə lazım olan maddələri venadaxili yolla, yəni “sistem”lə çatdıraq.
“Sistem” özü xəstəxanalarda tətbiq edilməsi vacib olan bir müalicə metodudur. Təəssüf ki, dəfələrlə evdə qoşulan “sistem”lərdən sonra yaranan şok, allergik reaksiya ilə xəstələr görmüşük. Bəzən biz bu xəstələrin həyatını xilas edə bilmirik. Bu çox ağır nəticələrə gətirib çıxarır. Hər kəsə tövsiyə edirik ki, qonşunun, dayının, bibinin təklif etdiyi “müalicə”lərdən uzaq dursunlar”.
Orqanik.az