Bəzən dilin üzərində sarı, ağ, hətta yaşıl, qəhvəyi, qara rəngdə ərp əmələ gəlir. Bunun səbəbi burada bakteriyaların toplanmasıdır.
Nazik, ağ, iysiz, az miqdarda olan ərpin olması norma sayılır. Lakin ərp qalındırsa (dil görünmür), ağızdan iy gəlirsə, ərpin rəngi ağ yox, sarı, yaşıl, qəhvəyidirsə, bu patoloji hal sayılır və hər hansı xəstəliyin əlaməti ola bilər.
Nəzərinizə çatdıraq ki, dilin vəziyyətini səhər saatlarında ac qarına qiymətləndirmək lazımdır. Tünd çay və qəhvə qəbulundan, qida qəbulundan sonra dilin rəngində və vəziyyətində dəyişikliklər əmələ gələ bilər.
Dilin üzərində patoloji ərpin əmələ gəlmə səbəbləri müxtəlifdir – alkoqol, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma, infeksiyalar, xroniki xəstəliklər və s.
Qalın ağ ərp xroniki qəbizliklərin əlaməti ola bilər. Əgər dilin üzərində olan qalın ağ ərp hərarət və intoksikasiya ilə (baş ağrısı, əzələ ağrıları və s.) müşayiət olunursa, bu infeksion xəstəliyin əlamətidir.
Dilin üzərində olan qalın ağ ərp kandidozun (göbələk xəstəliyi) əlaməti ola bilər. Kandidozun səbəbi bəzi dərman preparatların qəbulu, immunodefisitlər ola bilər.
Dilin kökündə olan qalın ağ və ya ağ-boz ərp mədə-bağırsaq sistemi xəstəliklərin (enterokolit, qastrit, mədə və 12 barmaq bağırsağı xorası) əlaməti ola bilər.
Böyrək xəstəlikləri zamanı ağ ərp dilin yan tərəflərində ola bilər.
Boz ərp mədə və 12 barmaq bağırsağı xəstəlikləri zamanı (məsələn, xora xəstəliyi) ola bilər.
Çoxlu miqdarda alkoqollu içkiləri qəbul edən və siqaret çəkən insanın dili üzərində qəhvəyi rəngdə ərp əmələ gələ bilər.
Antibakterial preparatların (antibiotiklərin), hormonların və bəzi digər preparatların qəbulu dildə yaşıl rəngdə olan ərpin əmələ gəlməsinə səbəb ola bilər.
Tünd sarı rəngdə olan ərp qara ciyər və öd yolları xəstəliklərin əlaməti ola bilər.
Sarı ərp öd kisəsində ödün artıq istehsal olmasından xəbər verə bilər.
Qara ərp nadir haldır. Belə ərp adətən ağır xəstəliklər (Kron xəstəliyi, vəba xəstəliyi, öd və mədə altı vəzi ağır xəstəlikləri) zamanı, orqanizmin kəskin susuzlaşması zamanı müşahidə oluna bilər.
Əgər siz özünüzdə patoloji ərpin olmasını müşahidə edirsinizsə, ilk növbədə mütləq terapevtə müraciət edin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin müayinələrinə göndərə bilər.
Dili üzərində əmələ gələn ərp həm insanın xarici görünüşünü korlayır, həm də ağızdan gələn pis iyə səbəb ola bilər. Bu səbəbdən belə ərpi hər gün təmizləmək lazımdır. Bunun üçün diş şotkasını və diş pastasını istifadə etmək lazımdır. Hal hazırda müasir diş şotkaların üzərində xüsusi dil üçün olan şotka olur. Bundan əlavə ağız boşluğunu dezinfeksiya edən xüsusi diş eleksirlərdən istifadə etmək lazımdır.
Orqanik.az