Diabet xəstələrinə meyvə yemək olar? Endokrinoloqun İZAHI

Bir çoxlarımızın fikrinə görə, şəkərli diabetdən əziyyət çəkənlərə meyvə yemək olmaz. Axı meyvələr şirindir və qanda şəkəri qaldırır. Lakin bu yalnız qismən belədir.

Tanınmış rusiyalı həkim-endokrinoloq və diyetoloq Olqa Pavlova öz youtube kanalında bildirib ki, diabet xəstələri az miqdarda olsa da meyvələri yeyə bilər və yeməlidir. Ona görə ki, meyvələr orqanizmi bir çox faydalı vitamin və minerallar və həmçinin liflərlə təmin edir. Lakin burada müəyyən qaydalara riayət etmək lazımdır.

Diabet xəstələri qlisemik indeksi 40-dan aşağı olan meyvələrə üstünlük verməlidir. Bu hansı meyvələrdir? Alma, armud, portağal, mandarin, qreypfrut, gavalı, ərik və bəzi digərləri.

Orqanik.az bildirir ki, həkimin sözlərinə görə, bəzi meyvələrin şəkərli diabet zamanı istehlakı qadağandır. Bu ilk növbədə üzümdür. Digər qadağan olunmuş meyvə banandır. Lakin həkim qeyd edib ki, diabet xəstəsi həftədə 1 dəfə dəyməmiş (yaşıl) bananın yarısını yeyə bilər.

Növbəti qadağan olunmuş meyvələr – meyvə qurularıdır (kişmiş, xurma və s.). Onların tərkibində diabet xəstələri üçün ziyanlı olan saxaroza təzə meyvələrlə müqayisədə daha çoxdur. Bu səbəbdən həkim bildirib ki, diabet xəstələri yalnız təzə meyvələri yeməlidir. Həmçinin diabet xəstələrinə meyvə şirələrini içmək olmaz.   

Doktor Pavlovanın sözlərinə görə, şəkərli diabet xəstələri meyvələri acqarına deyil, yeməkdən sonra və günün 1-ci yarısında (səhər yeməyi və (və ya) nahar zamanı) yeməlidir. Niyə yeməkdən sonra? Acqarına yeyilən meyvə qanda şəkərin səviyyəsini kəskin qaldırır ki, bu da şəkərli diabet xəstələri üçün çox ziyanlıdır. Bu səbəbdən meyvələri şəkərin kəskin qalxmasına mane olan qidalardan (ət, yumurta, tərəvəzlər və s.) sonra yemək lazımdır.

Endokrinoloq vurğulayıb ki, diabet xəstələri az miqdarda meyvə yeməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.