Dəm qazından boğulma hallarının qarşısı necə alınmalıdır? – “Azəriqaz” rəsmisi AÇIQLADI

“Bəzən deyirlər ki, qaza nəsə qatılır və dəm qazı ilə bağlı problemlər yaranır. Lakin bu belə deyil, dəm qazı yalnız təbii qazın yanmasından əmələ gəlmir”.

XəzərXəbər xəbər verir ki, bu fikirləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

O bildirib ki, dəm qazı ilə bağlı hadisələrin 90 faizi hamam otağında, 3-5 faizi isə digər otaqlarda yaşanır:

“Bunun səbəbi otaqda oksigen səviyyəsinin balansının pozulmasıdır. Digər otaqlarda oksigen norması var. Hamam otaqlarında qapılar kip bağlanır, aşağıda texniki normativlərə uyğun dəlik və ya məsamə qoyulmalıdır. Bu normalara riayət olunmur.

Dəm qazından boğulma halları qış aylarında daha çox baş verir. Yayda hava isti olduğundan az miqdarda qaz yanır, qış aylarında isə qazın miqdarını artırırıq. Yanma məhsulu artır, oksigen tələbatı artır. Qapı tamamilə bağlı olduğunda yanma prosesi pozulur və 3-4 saniyə ərzində boğulma prosesi yaşanır. Dəm qazının qoxusu olmadığından insan reaksiya verməyə fürsət tapmır”.

“Eyni zamanda tüstü bacalarının zamanında təmizlənməsinə diqqət edilməlidir. Daha bir məqam həyət evlərində texniki şərtə uyğun tüstü bacalarının quraşdırılmamasıdır. Kustar üsulla hazırlanan bacalarda küləkli havalarda tüstü içəridən çölə yox, daha da çöldən içəriyə doğru dolur.

Bu da təhlükəli məqam yaradır. Bunlar yaşanmasın deyə bina evlərində, həyət evlərində hamam otaqlarına qoyulan qapılarda daimi hava daxil ola biləcək dəliklər olmasına, tüstü bacasının təmizliyinə, bacaların texniki şərtə uyğun qaydada quraşdırılmasına mütləq diqqət edilməlidir. Bunlara diqqət edilsə, hadisələr 90 faizə qədər azalacaq”, – deyə o qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.