Burunun tənəffüs funksiyasından başqa orqanizm üçün qoruyucu rolu da var. Bu, xaricdən daxil olan havanın nəmləndirilməsi, isidilməsi və zərərsizləşdirilməsi hesabına baş verir.
AZƏRTAC xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov deyib: “Soyuq havaya çıxanda burunda tıxanıqlıq yaranır. Bunun səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi, qoruyucu mexanizmin işə düşməsi və bu zaman selikli qişanın şişməsidir. Bundan başqa yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı və yaxud toz hissəcikləri və digər allergenlər burun boşluğuna düşəndə bakteriya və virusların təsiri nəticəsində selikli qişanın qoruyucu funksiyası işə düşür və həmin vaxt burunda tıxanıqlıq əmələ gəlir”.
Həmin halda xüsusi spreylərdən istifadə edilir və onların hər birinin öz funksiyası var. Həkim-otolorinqoloqun dediyinə görə, ən çox istifadə olunan vasitə dəniz suyudur: “Dəniz suyu vasitəsilə mikroorqanizmlər və selik yuyulub xaric olur. Digər bir üsul – damarbüzücü spreylər burun boşluğunda olan kapilyarların yığılması və bunun nəticəsində burun tənəffüsünün yaxşılaşmasına yönəlir. Daha çox istifadə olunan digər spreylər isə burun boşluğunun təbii qoruyucu sistemini bərpa edir”.
Bəzən qrip olarkən və burunda tıxanıqlıq yaranarkən spreylərdən kortəbii şəkildə, üzərində yazılan istifadəyə dair göstərişi oxumadan və tez-tez istifadə olunur. Mütəxəssislər bunun zərərli olduğunu deyirlər. “Qrip olan zaman spreylərdən qısa müddətdə – 3-5 gün ərzində istifadə etmək olar, Bundan artıq onlardan istifadə etmək olmaz, Ən çox tövsiyə edilən yüksək duzluluğa malik dəniz suyu isə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı seliyin xaric olmasına kömək edir”, – deyə müsahibimiz bildirib.
Gün ərzində həmin spreylərdən maksimum üç dəfə istifadə etmək lazımdır. Daha çox istifadə edilməsi bir sıra fəsadlara səbəb olur.
Orqanik.az