Azərbaycanda həm Delta, həm də Omikron sürətlə yayılır

ÜST-ün Avropa regionuna daxil olan altı ölkədə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Rusiya və Ukrayna) son iki həftədə COVID-19-a yeni yoluxma hallarının sayı iki dəfədən çox artıb.

ÜST-nin Avropa regionu üzrə direktoru Hans Klüge xəbərdarlıq edib: indi öz səmərəsini sübut etmiş tədbirləri ləğv etmək vaxtı deyil.

Onun sözlərinə görə, COVID-19 ölümsaçan xəstəlikdir. Təkcə keçən həftə ərzində regionun 25 mindən çox sakini koronavirusa yoluxma nəticəsində vəfat edib. Səhiyyə sistemlərinin yükü artıb. Bunun əsas səbəbi odur ki, tibb işçiləri arasında da xəstələnmə halları artır. Ötən ilin sonunda tibbi heyət arasında xəstələnmə hallarının sayı 30 min olduğu halda, bir aydan sonra bu rəqəm 50 minə çatıb.

Doktor Klügenin sözlərinə görə, xəstəliyin ağırlaşmasından və ölümdən qorunmanın ən yaxşı vasitəsi yenə vaksinasıyadır. Bu, hazırda yayılmaqda olan COVID-19 virusu variantlarının hamısına aiddir. Yüksək risk qrupuna daxil olan insanların çoxu hələ də müdafiə olunmayıb: Bosniya və Herseqovina, Bolqarıstan, Qırğızıstan, Özbəkistan və Ukraynada yaşı 60-dan yuxarı olan insanların COVID-19-a qarşı tam vaksinasiya kursu keçənlər 40 faizdən azıdır. Bolqarıstan, Gürcüstan və Şimali Makedoniya da tibb işçilərinin 40 faizdən azının COVID-19-a qarşı azı bir doza vaksin qəbul etdiyi ölkələr sırasına daxildir. Doktor Klüge deyib: “Mən ölkələrin hökumətlərini, səhiyyə orqanlarını və müvafiq tərəfdaşları vaksinlərə tələbatın azalmasına və yerli səviyyədə vaksinlərin əhali tərəfindən qəbul edilməməsinə gətirib çıxaran səbəbləri diqqətlə təhlil etməyə, yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla vaksinasiya səviyyəsini təcili artırmaq üçün müvafiq tədbirlər hazırlamağa çağırıram”.

ÜST səhiyyə sistemlərinin elmi cəhətdən əsaslandırılmış müalicə metodlarının tətbiqinə hazırlığını təmin etməyə çağırır. Doktor Klüge deyib: “Eyni zamanda, bir daha bildirmək istəyirəm ki, ümidsizliyə qapılmaq lazım deyil”. Bu nikbinlik bir neçə amil ilə bağlıdır: xəstəliyin keçirilməsi və vaksinləmə nəticəsində immunitetin artması; qış mövsümünün başa çatması, habelə vaksinasiya olunmuş şəxslər “omikron” ştamına yoluxduqda xəstəliyin nisbətən yüngül keçməsi.

İndiyə qədər Azərbaycanda 752.605 koronavirus infeksiyasına yoluxma və bu səbəbdən 9.105 ölüm faktı qeydə alınıb.

Azərbaycanda tətbiq edilmiş vaksinlərin ümumi sayı 12.549.963, o cümlədən birinci mərhələdə vurulmuş vaksinlərin sayı 5.270.596, ikinci mərhələdə 4.766.430, “buster” dozalarının ümumi sayı 2.512.937-yə bərabərdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.