Alimlər: saat 15:00-dan sonra yeməkdən imtina…

Çin alimləri müəyyən edib ki, şam yeməyindən imtina edilməsi sağlam maddələr mübadiləsinə kömək edir.

Məlumdur ki, vaxt üzrə məhdudlaşdırılan qidalanma rejimi sağlam insanların əksəriyyəti üçün əlverişlidir. Bu cür üsul qida və kalorili içkilər qəbul oluna bilən vaxtın məhdudlaşdırılmasını nəzərdə tutur.

Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, Pekin Birləşmiş Tibb Kolleci nəzdində xəstəxananın bir qrup alimi 90 sağlam könüllünün iştirakı ilə kliniki sınaqlar keçirib. Bütün iştirakçılar üç qrupa bölünüb: birinci qrup saat 06:00-dan 15:00-dək qidalanıb, ikinci – 11:00-dan 20:00-dək, üçüncü qrup isə gün ərzində üç dəfə qidalanıb.

Tədqiqatın nəticələrinə görə 15.00-dan sonra yeməkdən imtina edənlərdə daha yaxşı nəticələr qeydə alınıb: qanda şəkərin səviyyəsinin normallaşması, artıq çəkinin azalması, iltihabın aşağı düşməsi, eləcə də bağırsaq mikrobiotasının müxtəlifliyinin artımı.

Bundan əlavə, tədqiqatların nəticələri göstərib ki, vaxt üzrə məhdudlaşdırılmış qidalanma rejiminə riayət edən ilk iki qrupun könüllüləri üçüncü qrupun iştirakçıları ilə müqayisədə daha az kalori qəbul ediblər. Bu sübut edir ki, qida pəncərəsinin azalması yolu ilə qəbul edilən kalorilərin miqdarını azaltmaq olar. Bununla belə ilk iki qrup təxminən eyni miqdarda kalori qəbul edib. Deməli, maddələr mübadiləsinə müsbət təsirə səbəb qəbul edilən kalorilərin miqdarındakı fərq deyil.

Alimlər vaxt üzrə məhdudlaşdırılmış qidalanma rejiminə riayət edilməsindən müsbət effektin bioloji ritmlərlə əlaqədə olması imkanını istisna etmirlər.

Çin alimlərinin tədqiqatları “Nature Communications” elmi jurnalında dərc edilib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.