Öd kisəsi qarın boşluğunun sağ tərəfində qara ciyərin altında yerləşir.
Öd kisəsinin əsas funksiyası qara ciyər tərəfindən istehsal olunan ödün yığılması və saxlanılmasıdır. Həzm prosesi zamanı öd 12 barmaq bağırsağına ifraz olunur və burada piylərin həzmində iştirak edir.
Öd kisəsi həzm proseslərində çox əhəmiyyətli rol oynayır və bu səbəbdən onun iltihabı insanın ümumi vəziyyətinə çox mənfi təsir edir. Öd kisəsinin iltihabı “xolesistit” adlandırılır. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik 5 dəfə çox müşahidə olunur.
Xolesistit kəskin və xroniki ola bilər. Kəskin xolesistit zamanı əksər hallarda öd kisəsində və onun axarlarında konkrementlər (daşlar) əmələ gəlir. Daşlar öd axarlarına düşdükdə ödün öd kisəsindən axması prosesi pozulur.
Xroniki xolesistit zamanı öd kisəsində öd daşları əmələ gəlmir, lakin bu heç də o demək deyil ki, bu forma təhlükəli deyil. Xroniki xolesistit istənilən zaman kəskinləşə bilər.
Xolesistitin simptomları:
– sağ böyürdə ağırlıq hissi,
– küt ağrılar (ağrı kürəyə və qola yayılır),
– iştahanın pozulması,
– həzm proseslərin pozulmaları,
– gəyirmə (ağızda acı dad),
– ürəkbulanması,
– nadir hallarda qusma,
– sarılıq (insanın dərisi və selikli qişaları sarımtıl rəng alır).
Bu simptomlar xüsusilə yağlı və qızardılmış qidaların qəbulundan sonra meydana çıxır.
Bu simptomlar meydana çıxdıqdan dərhal sonra qastroenteroloqa müraciət etmək lazımdır. Xəstəlik ilk mərhələlərində daha asan müalicə olunur. Əks halda pozulma daha ağır formaya keçərək çox təhlükəli fəsadların inkişafına səbəb ola bilər.
Kəskin xolesistit tutması bu kimi simptomlarla özünü büruzə verir:
– sağ böyürdə güclü tutmaşəkilli ağrılar,
– kəskin zəiflik,
– bədən hərarətinin artması,
– ağızda acı dad,
– tez-tez qıcqırma,
– qusma (xəstənin vəziyyətini yüngülləşdirmir),
– sarılıq.
Bu simptomlar öd kisəsində olan güclü iltihabdan xəbər verir, iltihab qonşu orqanlara da (qara ciyər, mədə, mədəaltı vəzi, 12 barmaq bağırsağı) toxunur.
Kəskin xolesestitin digər çox ağır fəsadı peritonitdir. Öd kisəsində olan daşlar onun divarlarını dartır, divarlar nazilir və nəticədə öd kisəsi yırtıla bilər. Öd kisəsinin möhtəviyyatı qarının boşluğuna düşür və qarının daxili qişasının iltihabına – peritonitə – səbəb olur. Peritonit insanın həlak olmasına səbəb ola bilər. İnsana təcili tibbi yardım tələb olunur (bir çox hallarda cərrahi əməliyyat).
Xolesistit xəstəliyinin əsas səbəbi öd kisəsindən ödün axması prosesinin pozulmasıdır. Bunun nəticəsində öd kisəsində durğunluq yaranır, durğunluq daşların əmələ gəlməsinə səbəb olur ki, bu daşlar ödün axmasını daha da çətinləşdirir və nəticədə öd kisəsi axarları daşlarla tam tutula bilər.
Ödün öd kisəsindən axması müxtəlif səbələrə görə pozula bilər:
– öd kisəsi və öd axarlarının mikroflorasının dəyişilməsi (immun sisteminin zəifləməsi nəticəsində və s.),
– iltihab (öd kisəsində və ya qonşu orqanlarda),
– hamiləlik, xüsusilə hamiləliyin 2-ci yarısı (hamilə qadının orqanizmində baş verən ciddi hormonal dəyişikliklərin nəticəsində),
– düzgün olmayan qidalanma (qida qəbulları arasında uzun fasilələr; yağlı, qızardılmış, hisə verilmiş qidaların müntəzəm qəbulu),
– piylənmə,
– azhərəkətli həyat tərzi (azhərəkətli həyat tərzi orqanizmdə gedən bir çox prosesləri ləngidir ki, bu durğunluğa səbəb olur),
– irsiyyət (bu xəstəliyə olan meyillik irsən keçir).
Orqanik.az