Uşaqlar arasında yayılmış bağırsaq qripi ilə necə mübarizə aparmalı?

Son bir ayda həkimlər uşaqlarda qusma, yüksək hərarət və ishalla müşahidə edilən virusun yayılması ilə bağlı əhalini xəbərdar edirlər. Rotavirus adlanan bu infeksiya uşaqlarda aşkarlanarsa, ona uyğun müalicənin aparılması tövsiyə olunur. Xəstəliyə daha çox 5 yaşa qədər olan uşaqlarda rast gəlindiyini deyən mütəxəssislər simptomların bir həftədən bir aya qədər davam edə biləcəyini söyləyirlər.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, hazırda epidemiya şəklində olan bu virus haqqında ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti Sevda Məmmədova məlumat verib.

Həkim-pediatr rotavirus infeksiyasının 9 tipi olduğunu, insanlarda onun 3 tipinə, uşaqlarda isə daha çox A tipinə rast gəlindiyini bildirib. Onun sözlərinə görə, bu virus, ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir və özünü müxtəlif əlamətlərlə büruzə verir: “Ola bilsin ki, bəzi hallarda uşaq səhər tezdən durarkən ürəkbulanma, qusma baş versin.

Bir neçə saatdan sonra hərarət yüksələ, daha bir neçə saatdan sonra isə ishal, qarın nahiyəsində ağrılar başlaya bilər. Bəzi hallarda uşaq boğazında ağrıların olmasından da şikayətlənir. Başqa bir əlamət: uşaq süstdür, halsızdır, arabir qarnında ağrıların olduğunu deyir, bir dəfə qusuntusu, bir-iki dəfə də ishalı olub və s. Müəyyən əlamətlərinə görə rotavirus infeksiyasına əhali arasında “bağırsaq qripi” də deyirlər”.
S.Məmmədova qeyd edib ki, rotavirusun əlamətləri ilə infeksion qastroenteritin əlamətləri çox oxşardır. Ona görə də, valideyn uşaqlarda ilkin əlamətlər müşahidə edəndə özbaşına müalicəyə başlamamalıdır:

“Çünki onlar bunun rotavirus infeksiyası, yoxsa bakterial qastroenterit olduğunu qarışıq sala bilərlər. Ən yaxşısı, ilk saatlarda həkimə müraciət edərək diaqnozu dəqiqləşdirmək və düzgün diaqnoz əsasında müalicəyə başlamaq lazımdır. Təəssüf ki, bəzi valideynlər uşaqda ishal başlayan kimi antibiotik “təyin edirlər”. Hətta internetdə oxuduğu hansısa simptomun onun uşağındakı əlamətlərlə eyni olduğunu düşünərək özbaşına müalicə aparan valideynlər var. Belə hallara qətiyyən yol vermək olmaz. Unutmamalıyıq ki, simptomlar eyni, müalicələr isə müxtəlif ola bilər. Rotavirus infeksiyasında susuzlaşma getdiyinə görə daha çox su-elektrolit balansını normaya salmaq vacibdir. Hər uşağa antibiotik vermək doğru deyil. Əvvəlcə qanın, sidiyin ümumi analizi götürülməli, yalnız ətraflı kliniki müayinə və laborator analizlərin nəticələrindən sonra müalicə təyin olunmalıdır”.
Bu infeksiyanın həm də mövsümi xarakter daşıdığını vurğulayan mütəxəssis bildirib ki, xəstəliyin ilkin əlamətləri 12 saatdan 1-2 günə kimi üzə çıxır. Müalicəsi yüngül formalarda 6-7 gün, ağır formalarda 10-14 gün çəkir. Üçüncü mərhələ isə bərpa dövrüdür ki, 4-5 gün, ağırlaşmalardan sonra 10-14 gün çəkə bilir: “Simptomlar başlayan kimi, həkimə müraciət edilərsə, ağırlaşmalar olmayacaq. Ağırlaşmalara gətirib çıxaran əsas səbəb həkim nəzarətindən kənar aparılan müalicələrdir. Bir də uşağın immun sistemi nəzərə alınmalıdır. Əgər uşağın immun sistemi yaxşıdırsa, vəziyyətdən tez çıxacaq. İmmun sistemi zəif, yanaşı xəstəlikləri olan uşaqlarda rotavirus aşkar edilərsə, həkim müdaxiləsi mütləqdir”.
Əslində, rotavirusun yüngül və ağır formasından asılı olmayaraq, bütün hallarda həkimə müraciət etməyin zəruriliyini bildirən S.Məmmədovanın sözlərinə görə, bəzən uşağın vəziyyətini o dərəcəyə çatdırırlar ki, adi şöbəyə yox, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirmək lazım gəlir. Həkim-pediatr qeyd edib ki, 6 aylıq uşaqda rotavirus infeksiyası yüngül formada keçdiyindən, müalicəsi həkim nəzarəti altında ev şəraitində də mümkündür.

O, eyni zamanda xatırladıb ki, xəstəliyin orta və ağır formalarında müalicə mütləq xəstəxana şəraitində aparılmalıdır: “İmmun sisteminin həddindən artıq zəifliyi səbəbindən bəzi uşaqlarda ishal, süstlük, yuxululuq halları olsa da, hərarət yüksəlmir. Yəni hər vaxt qızdırma olması 100 faizlik göstərici deyil. “Qızdırma yoxdursa, yaxşı olar” – yanaşması da yanlışdır.

Bəzi valideynlər qızdırmadan çox qorxurlar. Lakin qızdırma bir müdafiə reaksiyasıdır. Ona görə də qızdırmanın olmaması ilə müşahidə edilən əlamətlər daha çox narahatlıq yaratmalıdır. Bütün valideynlərə, uşaqlara möhkəm cansağlığı arzulayıram. Valideynlərə tövsiyəm odur ki, xəstəliyin ilk əlamətlərini hiss edən kimi həkimlə məsləhətləşsinlər. Birdəfəlik yadda saxlasınlar ki, həkim təyinatı olmadan müalicə, antibiotiklərdən istifadə yolverilməzdir. Hər bir valideyn ilk növbədə uşağının sağlamlığı barədə düşünməlidir. Bunun üçün isə ən doğru və yeganə seçim həkimə müraciətdir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.