Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara – Həkim tövsiyəsi
Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara – Həkim tövsiyəsi üçün şərhlər bağlıdır

Bir çox insan nəqliyyat vasitələri ilə uzun yol gedərkən ürəkbulanma, başgicəllənmə ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu əlamətlərə əsasən azyaşlılarda rast gəlinir.

Mərkəzi Gömrük Hospitalının terapevti İsmayıl Əfəndiyev “ATV səhər” verilişində bu narahatlıqların qarşısını almaq yollarından danışıb.
Həkimin sözlərinə görə, insan orqanizmində vestibulyar aparatda xüsusi kristallar mövcuddur. Bəzən insan hərəkət edərkən gördüklərimiz və vestibulyar aparat tərəfindən beyinə ötürülən siqnallar arasında müəyyən uyğunsuzluq baş verir. Belə olan halda, orqanizm düzgün məlumat almadığına görə bu kimi əlamətlər özünü göstərir.

İ.Əfəndiyev qeyd edib ki, xəstəliyin tam müalicəsi olmasa da, əlamətlərini azaltmaq mümkündür:

“Əgər siz gəmi ilə hərəkət edirsinizsə, bu zaman gəminin orta hissəsində dayanmaq və hərəkət etməyən bir nöqtəyə, məsələn üfüqə baxmaq lazımdır. Qeyd olunanlara əməl etdikdən sonra əlamətlər keçməzsə, uzanıqlı vəziyyətdə gözləri yummaqla vestibulyar aparatı müəyyən qədər sakitləşdirmək mümkündür”.
Həkim əlavə edib ki, bu problemlə qarşılaşan insanlar nəqliyyatda telefondan istifadə etməməli, kitab oxumamalıdır. Əks halda, bu, hərəkət xəstəliyi olan kinetozun əlamətlərini artıra bilər.

Qeyd olunub ki, yola çıxarkən dərman vasitələri və ya türkəçarə üsullardan istifadə olun bilər. Bu zaman limon, nanə və ya zəncəfil tamlı vasitələrdən istifadə effektivdir.

“Uzun yola qatar və ya təyyarə ilə çıxan kinetoza meyilli insanlara məsləhətim odur ki, yola çıxarkən heç bir qida qəbul etməsinlər və qazlı içkilərdən istifadə etməsinlər”, – deyə qeyd edən İ.Əfəndiyev bu xəstəliyin bir çox hallarda irsi olaraq ötürüldüyünü bildirib.

Orqanik.az

0

Yuxarı

X