Əsrlər boyu zəlilər insanlar tərəfindən bir çox xəstəliklərin müalicəsində istifadə olunmaqla yanaşı, yaratdığı xəstəliklərə görə də diqqət çəkib. Hələ eramızdan əvvəl 50-ci əsrdə metodik sistemin banisi olan və Hippokratın rəqibi kimi tanınan Asklepiodkların tələbəsi Laodikiyanın zəlilərin tibbdə istifadəsi ilə bağlı maraqlı fikirləri olub.
Daha sonra zəlilərdən X əsrdə Çində bir çox xəstəliklərin müalicəsində istifadə edilib. Avropada tibb sahəsinə ilk dəfə 15-ci əsrdə daxil olan zəlilər 19-cu əsrdə çox məşhurlaşıb. Hətta bu səbəbdən müxtəlif xəstəliklərin müalicəsi üçün Fransaya 1833-cü ildə 41 milyon zəli gətirildi.
Qısa müddətdə zəli müalicəsi sənaye sahəsinə çevrildi və Avropada iri zəli təsərrüfatları yaradıldı. Bu dövrlərdə zəlilərin sadə soyuqdəymədən xərçəngə, sağalmayan xoralardan ürək çatışmazlığına qədər bir çox xəstəliyin müalicəsində istifadə edildi. Bu yolla bədəndən artıq qan və ya zəhərli qanın çıxarılması prosesləri baş tutdu.
Zəlilər insanın dərisinə və ya selikli qişalarına yapışdıqda, tüpürcək vəzilərindən hirudin adlı qan durulaşdırıcı maddə ifraz edirlər. Hirudin adlı maddə ifrazı insanlarda laxtalanma faktorlarını azaldır və qanaxmaya səbəb olur. Bundan əlavə, zəlilərin tüpürcəklərində histamin kimi bir maddə var ki, bu da insanda kapilyarların açılmasına şərait yaradır. Eyni zamanda zəlilər dişləmə nahiyəsində olan ağrıları azaltmaq üçün anesteziklər də ifraz edirlər.
Bəs, zəli müalicəsinin zərərləri nələrdir?
Orqanik.az lent.az-a istinadən bildirir ki, müalicə məqsədilə tətbiq edilən zəlilər hər xəstədə bir dəfə istifadə edildiyi üçün xəstədən xəstəyə yoluxma riski yoxdur. Ancaq təəssüf ki, Azərbaycanda apteklərdə satılan zəlilər steril deyil. Bunlar müxtəlif yerlərdən tutularaq satışa çıxarılır. Çünki Azərbaycanda zəli fabriki fəaliyyət göstərmir. Yəni ölkədə istifadə edilən zəlilərin bir çoxu təkrar istifadə edilənlərdir. Belə ki, istifadə olunan zəli başqa bir insanın müalicəsində yenidən tətbiq edilir. Amma insan qanını sovuran zəli mütləq məhv edilməlidir. Əgər o yenidən istifadə olunacaqsa, heç olmasa 3-4 ay gözlənilməlidir. Çünki bu vaxt ərzində zəlidə olan qan tamamilə xaric olunur. Daha sonra zəli qana ehtiyac duyur və bu zaman o hər hansı müalicədə tətbiq edilə bilər.
Ancaq buna baxmayaraq yenə də çalışıb sertifikatlı zəlilərdən istifadə etmək məsləhətdir.
Bundan əlavə, zəli terapiyası həkim nəzarəti altında aparılmalıdır. Bu müalicənin yan təsirlərindən biri isə tətbiq edildiyi nahiyələrdə qaşınma, şişlik, qızartı və ya göyərmə kimi allergik reaksiyalarının yaranmasıdır. Əgər bunlar müşahidə olunursa, qorxmaq lazım deyil. Belə hallarda həmin hissələrə tez-tez buz qoymaq, sirkə ilə soyuq kompreslər etmək və ya həkimin tövsiyə etdiyi allergiya dərmanlarından istifadə etmək məsləhətdir.
Çox nadir hallarda başgicəllənmə, regional limfa düyünlərində şişkinlik, yüngül qızdırma, titrəmə, aşağı qan təzyiqi, qanın laxtalanmasının gecikməsi kimi qısa və müvəqqəti yan təsirlər də baş verə bilər.
Zəli müalicəsi ağrılıdır?
Zəli bədəni dişlədiyi zaman çox yüngül ağrı hiss edilir. Ancaq zəli fermentlərinin tərkiblərində olan anestezik maddələr sayəsində həmin ağrılarda bir neçə dəqiqə ərzində yox olur.
Bildirilir ki, zəli tətbiqindən sonra qaşınma bir neçə gün davam edə bilər. Bu zaman həmin nahiyələri qaşımamaq lazımdır. Çünki dırnaq ilə cızılan hissələrdən infeksiyalar keçə bilər.
Orqanik.az