Valideynlərin tələffüz etdikləri sözləri əxz edir və öz yetkin həyatları boyu yadda saxlayır. Çox vaxt bu heç də xoşbəxtliyə gətirib çıxarmır.
Psixoloq Viktoriya Averkiyeva qız uşaqlarını tərbiyə edənlərə hansı ifadələri və nəyə görə həmişəlik yaddan çıxarmağı izah edib.
1. “Sən axı qızsan”
Uşaqlıq dövrünün ən çox rast gəlinən ifadəsidir. Düşünürəm ki, bu ifadəni hər bir qadın bir dəfə olsa eşidib.
Bu ifadənin əsasını cəmiyyətdə qadının necə olması və onun hansı hissləri keçirməsi haqqında formalaşmış stereotip dayanır.
Bu ifadələrə diqqət yetirin:
“Sən niyə sevmirsən, sən axı qızsan?”
“Sən necə də pintisən, özün də qızsan”.
Bu ifadələr balaca qızcığazda xoşa gəlmək, heç nədən imtina etməmək və rahatlıq kimi xarakter formalaşdırır. Təəssüf ki, ilk növbədə ətrafdakılar üçün rahatlıqdan söhbət gedir…
Nə ilə əvəz etmək olar?
Mən leksikondan həmişəlik olaraq “sən axı qızsan” ifadəsindən imtina etməyi tövsiyə edirəm. Heç vəchlə uşağın cinsinə istinad etmək lazım deyil. Məsələn, belə deyin: “Sənin donun çirkli görünür, paltarını dəyişsən yaxşı olar”. Məna eynidir, amma ekoloji olaraq necə gözəl səslənir, deyilmi?
2. “Özünü belə aparsan, səni alan olmayacaq”
Bu da sovet dövrünün daha bir stereotipidir.
Bunun əsasında qadının əsas missiyasının ərə getməkdə olması kimi köhnəlmiş təsəvvür dayanır. “Kökəlsən, ərə gedə bilməyəcəksən”, “Pis evdar qadının ailəsi olmur”-belə ifadələr qızların istənilən uğurunu qiymətdən salır və bunun da əsasında hipotetik həyat yoldaşının axtarışı dayanır.
Xobbinin, asudə vaxtın, rəfiqələrlə ünsiyyətin əhəmiyyəti yoxdur, əsas olan yaxşı həyat yoldaşı kimi böyüməkdir…
Nə ilə əvəz etmək olar?
Qızınızın həyat uğurlarını onun gələcək ailə statusu və kişilər tərəfindən bəyənilməsi ilə əlaqələndirməyin. Belə asandır: “Gəlsənə, az çipsi ye, bu, sağlamlıq üçün ziyanlıdır və dərinin korlanmasına səbəb olur”, “Təklif edirəm indi özünü qaydaya salasan ki, sabahkı günü gəzintilərə həsr edə biləsən”.
3. “Bəsdir sızıldadın, güclü ol”
Bütün analar mütəmadi olaraq şıltaqlıqlardan yorulur. Amma əgər uşağa böyüklər durmadan deyir ki, “Bəsdir də ağladın”, o, nə hiss edəcək?
Çox güman ki, öz emosiyalarını və həyəcanlarını kiminləsə bölüşməyin faydasız olduğu qənaətinə gələcək və həyatı boyu belə düşünəcək.
Belə olmamalıdır. Bundan əlavə, “uşağın sızıldaması” ciddi problemlərdən-xəstəlikdən, məktəbdə təqibdən, ana sevgisinin çatışmazlığından, qısqanclıqdan xəbər verə bilər və valideynlər buna mütləq reaksiya verməlidir.
Nə ilə əvəz etmək olar?
Anlamaqla və dinləməyi bacarmaqla. Sadəcə demək lazımdır: “Danış, görüm, nə baş verib?” və ya “Mən səni anlayıram” və bu ifadələr ünsiyyətdə möcüzələr yarada bilər.
4. “Əhsən sənə”
Uşaqlıqdan belə çeynənmiş və vərdiş halını almış tərifdə uşağın hərəkətləri deyil, şəxsiyyətin xarakterinin qiymətləndirilməsi sezilir. Qız uşağının xarakterində tərifdən asılılıq formalaşır: onun şüurunda belə məntiqi əlaqə yaranır-“məni tərifləyirlərsə, deməli, yaxşı qızam”. Nəticədə böyüyəndə elə bir insan formalaşır ki, hamı üçün rahat, heç nədən imtina etməyən və öz ünvanına tənqidi çox ağrılı qəbul edən olur.
Nə ilə əvəz etməli?
Qızınızın hərəkətlərinin pozitiv qiymətləndirməsi variantları belə ola bilər: “Səndə çox gözəl alındı”, “Sən bu məsələni necə çevik həll etdin”, “İnşanın sonluğu çox maraqlıdır, mənə müfəssəl danış”.
5. “Qızlar qəzəblənmir”
Bu ifadə “Sən axı qızsan” ifadəsinin bir variantıdır. İncəlik bundadır ki, uşaqlıqdan xoşagəlməyən hisslərin meydana çıxmasına qadağa qoyulur. Valideynlər öz yanında sevimli, xeyirxah, “günəşim”, “dovşanım” kimi təsəvvür edilən əbədi pozitiv bir varlığı görmək istəyirlər. Bəli, belə qadağanın kökündə ənənəvi valideyn təkəbbürü dayanır, ana-ata üçün qızın belə olması rahatdır. Qız böyüdükcə, sonradan qadın olduqca, özünü kifayət qədər dəyərləndirməmək, nevrozlar, psixosomatik xəstəliklər və dözülməz olmayana dözmək ( ailədə zorakılıq, xəyanət) kimi halların baş vermə şansı yaranır. Səbəb-neqativ hallara düzgün reaksiya verilmə vərdişlərinin olmaması və uşaqlıqdan “pis” hisslərin büruzə verilməsinə qoyulan qadağadır.
Nə ilə əvəz etməli?
Qızınıza xoşagəlməz hisslərini ifadə etmək hüququnu verin. Mümkün variantlar: “Sən hirslənirsən, mən səni anlayıram”, “Bu, kimi istəyirsən qəzəbləndirə bilər”.
Valideynlərin vəzifəsi belə hissllərlə necə hərəkət etməyi öyrətməkdir-onları dəf etməmək, gizlətməmək, ekoloji cəhətdən əlverşli, yəni özünə və ətrafındakılarına ziyan vurmamaqla hərəkət etmək.
Göründüyü kimi, burada ilk baxışdan mürəkkəb görünə biləcək bir şey yoxdur. Hər bir qeyri-konstruktiv ifadənin qarşılığını tapmaq olar, yetər ki, istək olsun.
Orqanik.az