Yeni Eradan əvvəl I əsrdə Roma memarı Mark Vitruvius Pollion “Memarlıq haqqında on kitab” adlı traktat yazmışdır. Əslində sözü gedən traktat təkcə memarlıq haqqında deyil, digər elmlərə də həsr edilmişdir.
Qeyd edilən kitabın 10-cu cildində qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən, güllələrin və ya ağır cisimlərin uçuşunu əks etdirən qurğular, su dəyirmanının, eləcə də yük daşıyan, yəni ağırlıq qaldıran və onu bir yerdən digər yerə köçürən maşınların təsviri verilmişdir.
Kitabın 3-cü cildində isə insan bədəninin ideal nisbətlərini əks etdirən bir şəxs təsvir edilmişdir.
Həndəsi baxımdan ideal bədən nisbətlərinin təsvirinin yenidən kəşfi isə demək olar ki, XV əsr İtalyan alimləri, xüsusilə də Leonardo da Vincinin adı ilə bağlıdır. Belə ki, təsviri sənətdə ideal bədən nisbətləri məhz onun əsərlərində öz xüsusi əksini tapmışdır.
“Vitruvian İnsan” ın mənası
1490-1492-ci illərdə Leonardonun yazdığı qeydlərin içərisindən tapılmış rəsm nüsxələrindən biri məhz Vitruviusun kitabının 3-cü cildinə həsr olunmuşdur. Rəsmdə bir-birindən fərqlənən müxtəlif vəziyyətli 2 çılpaq insan təsviri verilmişdir. Bu rəsm əsəri “Vitruvian İnsan” adlandırılıb. Leonardo Da Vinçinin – “Cakonda” və “Gecənin sirləri” ilə birgə “Vitruvian İnsan” adlı əsəri də onun ən məşhur üçlüyünə daxil edilmişdir.
Hazırda eskiz Venesiyada Qalereya Akademiyasında (Muzeyində) saxlanılır.
Məşhur şəkildə diqqəti cəlb edən, ilk növbədə, 24,5 x 34,3 santimetr ölçülü və biri dairənin, digəri isə kvadratın içərisində əks olunan insan təsvirləridir. Bu fiqurlar təsadüfi olaraq seçilməmişdir, həndəsi nöqteyi-nəzərdən onlar qədimdə ideal hesab edilirdilər. Görünür ki, şəkildəki dairə və kvadrat bir insanın proporsional bədən nisbətlərini əks etdirmək üçün uyğun gələn ən yaxşı fiqurlar hesab olunmuşlar.
Təsvirdən göründüyü kimi, insanda ətrafların hər ikisi aralı vəziyyətdə dairənin kənarlarının içərisini tutur. Bu vəziyyətdə insan təsvirinin əks olunduğu dairənin mərkəzi nöqtəsi isə göbək nahiyəsinə uyğun gəlir.
Rəssam aşağı ətrafları bir-birinə yaxın, yuxarı ətrafları isə aralı vəziyyətdə olan şəxsin təsvirini isə kvadrat içərisində əks etdirmişdir. Kvadrat içərisində diaqonalların kəsişmə nöqtəsinin qasıq nahiyəsinə uyğun olduğu görünür.
Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, Leonardo da Vincinin “Vitruvian İnsan” təsvirini yaradarkən kimin modelini nəzərdə tutduğu və onun əsasında hazırladığı məlum deyil, çünki sənətkar tərəfindən xüsusi gündəlik qeydlərə əsasən, bunu onun “özü üçün” də planlaşdırmadığı müəyyən edilir. Digər tərəfdən, bu sahənin mütəxəssisləri belə hesab edirlər ki, bir insanı təsvir edən Leonardonun məqsədi burada riyazi baxımdan insan bədəninin ideal nisbətlərini əks etdirməkdən ibarət olmuşdur, ancaq rəsmdə nəzərə çatdırılan ölçülər tam dəqiq olmaya da bilər. Sənətşünaslardan biri isə belə hesab edir ki, şəkildə əks olunan elə alimin özünün portretidir.
2011-ci ildə Londonda Kings Kollecdə çalışan bir cərrahın şəkil üzərində apardığı tədqiqatı isə tamamilə gözlənilməz nəticələr verdi. İngilis aliminin tədqiqatına görə, eskizdə çəkilən adamın qasıq yırtığından əziyyət çəkən və bu sonradan həmin insanın ölümünə səbəb ola bilən birinə bənzədiyi göstərilirdi.
Tədqiaqtlar göstərir ki, Vitruviusun nisbətlərə dair yazdığı kitabı oxumadan, Leonardo da Vinci tərəfindən yaradılan şəkli tam olaraq başa düşmək qeyri-mümkündür. Rəsm kitabda göstərilən nisbətlərə əsasən təsvir edilmişdir, memar isə inşa etdiyi xüsusi binaların tikintisində də bu ölçüləri tətbiq etmişdir.
1948-ci ildə əslən İsveçrəli olan, amma Fransada yaşayan Le Korbusie adlı bir memar “Modulor” kitabını nəşr etdirdi. Müəllif öz kitabında “modulor” sözü ilə insan ölçülərinə əsaslanan, eyni zamanda inkişaf, mexanika və memarlıqla əlaqədar bir nisbət sistemini nəzərə aldığını göstərmişdir.
Nəzər yetirdikdə, Le Korbusienin özünün bütün işlərini Vitruvius və Leonardo da Vincinin əsərləri əsasında tərtib etdiyi məlum olur. Görünür ki, Le Korbusie özünün tərtib etdiyi modulla müasir memarlığa böyük təsir göstərmişdir. Müasir dövrdə də şəxsən Le Korbusie tərəfindən təklif edilən modullar Ronşan kapellasının (xor kapellası ifa edilən Musiqi Akademiyasının binası), Hindistan və digər xarici ölkələrdə inşa edilən çoxsaylı binaların dizaynı üçün də istifadə olunur.
İlk dəfə Vitruvian İnsanı təsvir edən Leonardo Da Vinçi olmuşdurmu?
2012-ci ildə Klaudio Sgarbi tərəfindən aparılan elmi tədqiqat işləri sayəsində belə məlum oldu ki, ilk dəfə “Vitruvian İnsan” təsviri Jacomo Andrea de Ferrara tərəfindən yaradılmışdır. Jacomo alim idi, həm də Leonardo ilə dostluq edirdi. Lakin onların birlikdə və ya bir-birindən xəbərsiz eyni-Vitruviusun əsərləri üzərində işləmələri məlum deyil. Hər iki halda Leonardo da Vincinin mahiyyət etibarilə, insan bədəninin proporsional nisbətlərini açıqlaya bilməsi faktı danılmazdır. Belə ki, onun yaratdığı eskizlər aydın və daha ətraflı olub, izləyiciləri tərəfindən başa düşülə bilir.
Bütün hallarda, rəsm əsərinə tamaşa edən hər hansı bir izləyici çox mövqelər olsa belə, “Vitruvian İnsan”ın yalnız iki fərqli vəziyyətini müşahidə edir, ancaq rəssamın təsvir etdiyi “Mona Liza” nın xəfif gülüşünü isə əsərdən dərhal sezmək mümkün olmur.
Dahi rəssam öz əsərində “Vitruvian İnsan”ın bir anda insan bədəninin 16 fərqli vəziyyətini, mövqeyini təsvir etmişdir. Onları hər bir insan özü diqqətlə əsərə tamaşa edib, yalnız sərbəst düşününcə tapa bilər.
Orqanik.az