Skolioz, onurğa əyriliyi günümüzdə tez-tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir.
Orqanik.az xəbər verir ki, bu barədə Əməkdar həkim, ortoped-travmatoloq, idman həkimliyi üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Elviz Qasımov məlumat verib.
Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxılan zaman yuxarıdan aşağıya düz bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya və beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir.
Sağlam bir bədəndə onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma, 4-5 büzdüm olmaqla 33-34 fəqərədən ibarətdir və bir-birlərinə bağlar, oynaqlar və disklərlə bağlanır.
Skolioz onurğa sütununun sağ və ya sol yana əyilməsi ilə xarakterizə olunan deformasiyası olub “S” ya da “C” formasını alır. Onurğa əyri olduqda, fəqərələr fırlanır və bu, onurğanın döş hissəsində olarsa, qabırğa qabarıqlığı, bel-oma nahiyyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır. Vaxtında müalicə olunmayan əyriliklər ürək, ağciyər və s. orqanlara təzyiq edərək ciddi fəsadlar yarada bilər. /Orqanik.az
Orqanik.az