Marketlərə girəndə hər kəsin diqqət etdiyi ilk nüans aldığı məhsulun istehlak tarixinin yerində olmasıdır.
Uzunmüddətli istehlak tarixi olan qidalar bizə daha təzə, daha zərərsiz görünür. Lakin bu heç də elə deyil. Bəzən bu göstəricilər insanları yanılda bilir. Bəs bilirsiz ki, son istifadə tarixi bitən qidaları müəyyən zaman ərzində yemək olar? Elə isə bu yazını bir az daha diqqətli oxuyun.
Bəzi qidaların təzə olub-olmamasını onların təravətindən də hiss etmək olur. Bəzi qidalar isə xüsusi qablaşdırmalarda olduğu üçün onları müəyyən etmək üçün xüsusi nüansları bilmək lazımdır.
Məsələn, son istifadə tarixi keçmiş, köhnəlmiş yeməklər zaman-zaman zəhərlənmələrə səbəb olur. Lakin bu, o zaman baş verir ki, artıq mütəxəssislərin qoyduğu müəyyən müddət də sona çatmış olur.
Qidaların saxlanılması və istehlakı üzrə ixtisaslaşmış mütəxəssislər qeyd edir ki, bəzi qida məhsullarını son istifadə tarixi bitsə də, yemək olar.
Əlbəttə, burada ət, balıq və ya digər dəniz məhsulları istisnalıq təşkil edir. Onların təzə olmasına xüsusilə diqqət etmək lazımdır. Lakin, xüsusilə quru ərzaqlar söz mövzusu olduğunda, paketin üzərindəki tarix keçmiş olsa da, rahat şəkildə onları yeyə bilərsiz.
Publika.az oxucularına son istifadə müddəti keçmiş qidalar arasında yeyilə bilən 13 qida haqqında maraqlı məlumatları təqdim edir:
Biskvit
Biskvit özü son dərəcə yumşaq və qidadır. Lakin qablaşdırması açılmamış bir biskvit son istifadə tarixi bitdikdən 1 həftə sonraya qədər yeyilə bilər.
Makaron
Quru qablaşdırmada olan makaronlar da istehsal tarixi keçdikdən sonra yeyilə bilən qidalar sırasındadır. Onsuz da onları quru və hava keçirməyən qablarda uzun müddət saxlamaq olur. Mütəxəssislər qeyd edir ki, üzərindəki istehsal tarixindən asılı olmayaraq makaronları 3 il müddətinə rahatlıqla yemək olar.
Konserv qidalar
Konserv qidaların üzərindəki son istifadə tarixinə nəzər yetirsək, görərik ki, kifayət qədər uzun müddət göstərilib. Lakin, əgər qablaşdırmanın və ya bankada satışa çıxarılan məhsulların hər hansı bir tərəfində şişkinlik varsa, şüşə qablaşdırmalar içərisində köpüklənmə varsa, onları yemək olmaz. İstifadə müddəti çox olsa da, düzgün qablaşdırılmadığı üçün keyfiyyətini itirib. Sadalanan hallar müşahidə edilmədiyi halda, üzərindəki son istifadə tarixindən asılı olmayaraq, konserv məhsullarının dörd ilə qədər saxlanma müddəti var.
Çörək
Çörək bağlamalarının üzərindəki tarixlər də uzadıla bilər. Məsələn siz çörəyi soyuducuda saxlasanız, onun ömrünü 1 həftəyə qədər uzada bilərsiniz.
Turşu
Turşuları isə soyuducuda, hava keçirtməyən qablarda 2 ilə qədər saxlamaq və yemək olar. Ancaq yeyən zaman içərisində yumşaq olanları atın getsin.
Yumurta
Yumurtaların istifadə müddəti 3 həftəyə qədərdir. Buna baxmayaraq, soyuducuda saxlanılan yumurtanı qırarkən burnunuza pis bir qoxu gəlirsə, o yumurtadan ümidinizi kəsin. Yumurtanın təzə olub-olmadığını yoxlamaq üçün unikal üsullardan biri də su testidir. Təzə yumurta suyun dibinə çökür, boyat yumurta isə suyun üzərində qalır.
Şokolad
Şokoladın son istifadə müddətinə baxmayaraq, əgər yeyərkən dadı dəyişməyibsə, heç bir problem yoxdur. Şokoladı qablaşdırma üzərindən yüngül basdıqca qırılırsa, bu da onun köhnə olmasına işarədir. Odur ki, istifadə müddəti çox olsa da, rəngi bulanıqlaşmayan, tez qırılmayan şokaladları istifadə müddəti keçdikdən 1 ay sonraya qədər də yemək olar.
Bərk pendirlər
Bir çox pendirlərdən fərqli olaraq, bərk pendirlər kiflənmir. Yumşaq pendirlərin içi kifləndiyi üçün, onları istifadə etmək olmur. Bərk pendirlərin isə üzərinə yığılan kifi təmizləyib istehlak etməyə davam etmək olar.
Dondurulmuş tərəvəzlər
Bəzən qışa tədarük üçün tərəvəzlər soyuducunun buzluq bölməsinə yığılır. Əgər tərəvəzlər düzgün vəziyyətdə qablaşdırılıb dondurulursa, üstündən nə qədər vaxt keçirsə-keçsin, xarab olmurlar. Onları rahatlıqla istifadə edə bilərsiz.
Qatıq
Qatıq üzərindəki qaymaq götürülmədiyi müddətcə, satış tarixi bitdikdən sonra 2 həftə ərzində yeyilə bilər.
Süd
Süd ən çox istifadə edilən məhsullardan biridir. Dadı və qoxusu ağırlaşmadığı müddətcə istifadə etmək olar.
Orqanik.az