Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nirmatrelvir və ritonavir dərmanlarını ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələrdə yüngül və orta dərəcədə koronavirusun müalicəsi üçün tövsiyə edib.
Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbər verib.
Qeyd olunub ki, bu tövsiyə 3000-dən çox xəstə ilə aparılan iki tibbi araşdırmaya əsaslanıb:
“ÜST xəstəxanaya yerləşdirmə riski yüksək olan yüngül və orta dərəcəli COVID-19 xəstələri üçün “Paxlovid” adı altında satılan nirmatrelvir və ritonaviri şiddətlə tövsiyə edib”. Təşkilatdan bildiriblər ki, bu dərman ağır xəstəliyin inkişaf riski yüksək olan xəstələr, o cümlədən peyvənd olunmayanlar, həmçinin yaşlı insanlar və immuniteti zəif olanlar üçün “hazırda ən yaxşı terapiya seçimidir”.
Tədqiqatlar göstərib ki, bu dərmanı qəbul etmək xəstəxanaya yerləşdirmə riskini 85% azaldır. Bununla belə, ÜST “aşağı riskli” xəstələrdə nirmatrelvir və ritonavir qəbul etməməyi tövsiyə edir, çünki tədqiqatlar bu halda bu dərmanın faydasının “cüzi” olduğunu göstərib.
Orqanik.az