Nitq təfəkkürün ən ali funksiyası olmaqla yanaşı, insan həyatında ən vacib və əhəmiyyətli ünsiyyət vasitəsidir.
Uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbirsizliklə gözləyirlər, amma bəzən valideynlərin gözləntiləri boşa çıxır. Nitqin inkişafı ləngiyir və valideynlər narahat olmağa başlayırlar. Bəzən də düşünürlər ki, yəqin vaxtı gələndə danışacaq, çünki ailədə, nəsildə gec danışan olmayıb.
Psixopedaqoq Aytəkin Sandalova AZƏRTAC-a verdiyi müsahibədə uşağın nitqinin yaşına görə ləngiməyini bioloji və sosioloji faktorla əlaqələndirir: “Bioloji faktor dedikdə, həm hamiləlik zamanı ananın keçirdiyi müxtəlif xəstəlikləri, zərərli amillərin təsirini, həmçinin doğuş travmalarını və doğuşdan sonra uşağın ilk aylarda keçirdiyi xəstəlikləri göstərmək olar.
Digər bioloji amillər uşağın keçirdiyi baş-beyin zədələnmələri, nevroloji, psixi, somatik və s. səbəblərlə bağlı ola bilər. Valideynlər bilməlidirlər ki, belə patoloji hallar uşaqlarda nəinki nitqin ləngiməsinə, hətta intellektin pozulmasına gətirib çıxarır. Digər faktor sosioloji xarakterlidir. Ailədə çoxdillilik, pedaqoji baxımsızlıq, valideynlər arasında düzgün olmayan münasibətlər uşağın psixi və əqli inkişafına təsir göstərir”.
Psixopedaqoq deyib: “Çoxdilli ailələr hələ uşağın nitqi formalaşmamış ona iki və üç dildə müraciət edirlər ki, nəticədə nitqin formalaşması, anlama, qavrama bacarıqaları ləngiyir.
Nitqin inkişafına təsir edən geniş yayılmış səbəblərdən biri də pedaqoji baxımsızlıqdır. İlkin yaşlarda uşaqla az ünsiyyət yaratmaq, onun oyuncaqlarla çox oynamasına, yaxud balacanın uzun müddət cizgi filmi izləməsinə imkan vermək, başqa sözlə, ona lazım olan diqqətin göstərilməməsi uşağın ümumi, yəni fiziki, psixi və əqli inkişafının ləngiməsinə səbəb olur.
Ailədə düzgün olmayan davranışlar, valideynlər arasında əks mövqelilik, uşağın mənfi davranış və hərəkətlərinin qarşısının alınmaması da inkişafın ləngiməsi ilə nəticələnə bilər. Buna görə də hər bir valideyn övladının hansı mühitdə və necə inkişaf etdiyinə diqqət yetirməli, uşaqla daha çox vaxt keçirməlidir.
Beş yaşa qədərki inkişaf prosesi uşağın gələcək həyatının təməlidir. Uşağın ilk yaşlardan şəxsiyyət kimi formalaşması valideynin onu necə dəyərləndirməsi ilə əlaqədardır”.
Orqanik.az