Uşaqlarda boy artımı genetik olmaqla yanaşı, istehlak edilən qidalar, yuxu rejimi və idman vərdişlərindən də asılıdır. Bəs hansı qidalar boy artımını sürətləndirir?
Orqanik.az Axşam.az-a istinadən həm sağlamlıq, həm də boy baxımından uşaqlar üçün faydalı olan qida məhsullarını təqdim edir.
1. Süd və süd məhsulları
Boyun artmasında mühüm rol oynayan ən başlıca amil sümük quruluşudur. Buna görə də sümüklərin formalaşmasında vacib yer tutan kalsium və fosforu təmin edə bilmək üçün süd məhsulları müntəzəm olaraq istehlak edilməlidir. Uşaqların gecə yatmazdan əvvəl içdiyi bir stəkan süd böyümə hormonunun ifrazını stimullaşdıraraq sümüklərin inkişafını və boy artımını dəstəkləyir.
Lakin onu da qeyd etmək lazımdır ki, inək südünün həddindən artıq istehlakı orqanizmdə kalsium-fosfor balansını poza bilər. Nəticədə bu, sümük inkişafına mənfi təsir göstərə, dəmir çatışmazlığına səbəb ola bilər. Buna görə də uşaqların gün ərzində maksimum 500 ml inək südü qəbul etməsi məsləhətdir.
2. Yağlı balıq
Yağlı balıqların tərkibində D vitamini var. Mal ətinin qaraciyəri, pendir və yumurta da bu vitamini özündə ehtiva edir. D vitamini nazik bağırsaqdan kalsium və fosforun sorulmasını artırır. Boy artımında mühüm rol oynayan bu vitamini təmin etmək üçün çox isti olmamaq şərti ilə günəş altında 15-20 dəqiqə gəzmək də mükündür.
3. Yaşıl mərcimək
Orqanizm kalsium və D vitamininin mübadiləsində maqneziuma ehtiyac duyur. Yaşıl mərcimək isə güclü maqnezium qaynaqlarından biridir. Maqneziumu təmin etmək üçün ispanaq, brokoli, tünd şokolad və pomidor kimi qidaları da istehlak etmək mümkündür.
4. Çərəzlər
Fındıq, fıstıq, qoz, badam kimi çərəzlər ən yaxşı sink qaynağıdır və sağlamlıq üçün faydalı yağ turşularını özündə ehtiva edir. Araşdırmalar göstərir ki, sink çatışmazlığı daha çox boyu qısa olan uşaqlarda müşahidə olunur.
Bundan əlavə, çərəzlər qan şəkərini balanslaşdıraraq uşağınız zərərli, qeyri-sağlam qidalara olan istəyini azaldır.
Orqanik.az