Revmatizm (indi onu kəskin revmatik qızdırma adlandırırlar) adətən, 7-15 yaşlı uşaqlarda, streptokokk mənşəli infeksiyanın (adətən, əsnəyin, məsələn angina, faringit) gecikmiş fəsadı şəklində təsadüf edilir.
Yeniyetmə uşaqlar və böyüklər bu xəstəliklə nisbətən az xəstələnirlər. Kəskin revmatik qızdırma ürəyi, oynaqları, dərini, sinir sistemini zədələyən təhlükəli xəstəlik hesab olunur.
Əlbəttə ki, revmatizm kəskin streptokokk infeksiyası keçirənlərin hamısında baş vermir. Bu zaman irsi faktor böyük rol oynayır – “revmatik ailələr” də mövcuddur. Ona görə də əgər sizin ən yaxın qohumlarınızda revmatizm xəstəliyi olanlar varsa, siz də özünüzün və övladlarınızın sağlamlığına çox diqqətli olmalı, müntəzəm olaraq revmatizmin profilaktikasını aparmalısınız. Bundan başqa, revmatizmlə xəstələnmə riski immuniteti zəif olan şəxslərdə də yüksək olur.
Revmatik prosesin ürəyi zədələməsi revmokardit adlanır. Revmokardit zamanı ürəyin qişaları – daxili qişa (endokardit), xarici qişa (perikardit) və orta qişası olan ürək əzələsi (miokardit) iltihabi prosesə qoşula bilər. Revmatizmin əsas təhlükəliliyi ondan ibarətdir ki, hətta xəstəlik yüngül keçdikdə belə, iltihabi proses ürək qapaqlarını (ürək daxilində mövcud olan xüsusi struktur olub, ürək kameraları arasında yerləşərək, kameralar arasında qanın düzgün istiqamətdə axmasını təmin edir) da zədələyə bilər. Bu zaman qapaqlar büzüşür, dağılır, öz elastikliyini itirir. Nəticədə bu qapaqlar ya tam açılmır, ya da kameralar arasındakı dəlikləri tam şəkildə qapanmırlar. Məhz bu səbəbdən ürək qapaqlarının qüsuru baş verir. Əksər hallarda zədələnmə mitral qapaqları, daha az hallarda isə aortal qapaqlar (və ya hər iki qapaq) zədələnmiş olur. Qapaqlarda yaranan qüsur nəticəsində ürək öz fəaliyyətini normal şəkildə icra edə bilmir ki, bu da ağır fəsadların (aritmiya, xroniki ürək çatışmazlığı, tromboemboliya) baş verməsinə səbəb olur. Ürək qapaqlarının qüsurları bir neçə il ərzində heç bir əlamətlə özünü büruzə verməyə də bilər. Bu qüsurlar bir sıra hallarda aparılan profilaktik müayinələr zamanı, bəzən isə xəstəlik digər fəsadlar verdikdə aşkar olunur.
Revmatizm xəstəliyinin əlamətləri
Belə ki, keçirilən kəskin angina xəstəliyindən 2-3 həftə sonra xəstələrdə aşağıdakı əlamətlər meydana çıxa bilər:
– süstlük (əzginlik);
– zəiflik;
– bədən hərarətinin yüksəlməsi;
– ürək döyüntülərinin tezləşməsi (taxikardiya);
– adi işləri icra edərkən təngnəfəsliyin baş verməsi;
– ürək döyüntülərində baş verən pozğunluqlar (qeyri-müntəzəmliliyin baş verməsi);
– bəzi hallarda aritmiyanın (ürək ritminin pozulması) qeyd edilməsi;
– ürək nahiyəsində ağrıların (küt, sızıldayan) baş verməsi;
– kiçik qan dövranında durğunluğun baş verməsi səbəbindən aşağı ətraflarda şişkinliyin əmələ gəlməsi;
– qara ciyərin ölçülərinin artması;
– öskürəyin əmələ gəlməsi və onun fiziki gərginlik zamanı artması;
– ürək ölçülərinin artması.
Ancaq onu da qeyd etmək lazımdır ki, bütün ürək döyünmələri və ya ürək nahiyəsində olan ağrılar heç də hər zaman revmokarditin əlaməti deyil. Məsələn, yeniyetmə yaşlarında da bu əlamətlərə tez-tez rast gəlmək olur. Bunun səbəbi isə yeniyetmələrdə skelet sümüklərinin, əzələlərin və daxili orqanların inkişaf sürətinin müxtəlif olmasıdır. Ancaq istənilən halda revmokardit diaqnozunu istisna etmək üçün yeniyetməni müvafiq mütəxəssisə göstərmək lazımdır.
Revmatizm xəstəliyinin profilaktikası
– Sağlam adamlarda revmatizm xəstəliyinin inkişaf etməsinin qarşısını almaq üçün streptokokk infeksiyasını (angina, faringit, həmçinin dərinin streptokokk infeksiyaları) düzgün müalicə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, streptokokk infeksiyasının müalicəsi antibiotiklərin təyin edilməsini tələb edir! Antibiotiklər ilə müalicə 10 gündən əskik olmamalıdır (bu müddətdən az keçirilən müalicə kursları infeksiyanın orqanizmdə qalması təhlükəsini yaradır);
– Kəskin revmatik qızdırmanın təkrar hücumlarının qarşısını almaq üçün (ikincili profilaktika) uzadılmış təsirə malik olan antibiotiklərdən istifadə olunur;
– Möhkəm immun sistemi – streptokokk infeksiyasının qarşısını kifayət dərəcədə almaq iqtidarındadır. Ona görə də düzgün qidalanma, mütəmadi şəkildə bədən tərbiyəsi ilə məşğul olmaq, kifayət qədər yatmaq və istirahət etmək, açıq havada olmaq, xüsusi dərman preparatları qəbul etmək və s. bu kimi üsullarla immun sistemini daim möhkəmləndirmək çox vacibdir!
– Streptokokk ətraf mühitdə (toz, çirkli paltar və s.) geniş yayılmış olan mikrobdur. Məhz buna görə də mütəmadi olaraq xüsusi antiseptik maddələrdən (mikrobları məhv edən) istifadə etməklə, nəm əski ilə aparılan təmizləmələr, otağın havasının tez-tez dəyişdirilməsi, alt və üst paltarların, yataq ağlarının mütəmadi olaraq dəyişdirilməsi çox vacib hesab edilir;
– Karioz dişləri, xroniki tonzilliti vaxtında müalicə etmək lazımdır.
Orqanik.az