Son vaxtlara qədər hesab olunurdu ki, ürəyin qəfildən dayanması halları daha çox bazar ertəsi səhər baş verir.
Lakin amerikalı bir qrup alimin apardığı təhqiqat nəticəsində bunun heç də belə olmadığı üzə çıxıb.
E-tibb.az bildirir ki, Sidars-Sinay Tibb Mərkəzi yanında Ürək Ritmi Mərkəzinin direktoru, doktor Samit Çuq həmkarları ilə birgə ABŞ-ın Oreqon ştatında 2631 qəfil ürəktutma faktını araşdırıb. Məlum olub ki, ürək dayanmaları daha çox günün nahardan sonrakı vaxtında (31.6%) qeydə alınır. Bu halların 27.6%-i səhər, 26.9%-i axşam, yalnız 13.9%-i səhər tezdən baş verir.
Alimlər ürəyin qəfil dayanması və ürəyin elektrik aktivliyinin pozulmasını əsas götürüblər.
Doktor Çuq ürək dayanmalarının vaxtının dəyişməsində əsas faktorlardan biri kimi həyat şəraiti və iş rejimini qeyd edib.
Araşdırmalar nəticəsində o da məlum olub ki, ürək dayanmalarının bazar ertəsi baş verməsi barədə fikirlər daha özünü doğrultmur. Doktor Çuq deyib ki, hazırda ürək dayanmalarının daha çox bazar günlərinə təsadüf etdiyi təsdiqlənib.
Alimlər qəfil ürək dayanması keçirən şəxslərin 70-90%-nin xəstəxanaya çatmamış dünyasını dəyişdiyini də bildirirlər.
Orqanik.az