Əlbətdə ki, sonradan bəlaya düçar olan adama kömək etməkdənsə, ilk növbədə istənilən bədbəxt hadisənin qarşısını almağa çalışmaq lazımdır.
Bunun üçün sadəcə olaraq özünüzə, öz yaxınlarınıza, uşaqlarınıza qarşı kifayət qədər diqqətli olmağınız, sizi bir çox təhlükəli vəziyyətlərdən qoruyar. Bütün bunlara baxmayaraq, hər hansı bir bədbəxt hadisə baş vermiş olarsa, ilk növbədə vahiməyə düşməmək, hay-küy salmamaq, özünüzü ələ almaq lazımdır. Çünki, bu zaman məhz sizin biliklərinizdən, düzgün və savadlı hərəkətlərinizdən, sizə yaxın olan adamın sağlamlığı və hətta həyatı da asılı ola bilər!
Beləliklə, kim isə sağlamlıq və həyat üçün təhlükəli olan bir vəziyyətə düşərsə, ilk növbədə 103 nömrəsinə zəng vurmaqla “təcili yardım” çağırmaq lazımdır! İdeal halda – kömək edənlərdən biri “təcili yardıma” zəng etməli, digəri isə ləngimədən zərərçəkənə həkimə qədərki ilk tibbi yardım göstərilməsinə başlamalıdır. Həyat üçün təhlükəli olan aşağıdakı hallarda “təcili yardım” çağrılması mütləq tələb olunur:
– yaralanmalar;
– suda boğulma;
– qanaxmalar;
– yanıqlar;
– travmalar;
– doğuş;
– huşun itirilməsi;
– qıcolmalar;
– ürək nahiyyəsindəki güclü ağrılar;
– heyvanlar tərəfindən dişləmələr;
– arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi;
– ürək fəaliyyətinin və tənəffüsun dayanması;
– ilan sancması;
– donvurma;
– şok;
– elektrotravmalar;
– kəskin ağrılar və s. bu kimi hallar.
“Təcili yardıma” zəng etdikdə həyacanlanmayın, ünvanınızı (küçənin adı, evin, blok və mənzilin nömrəsi, mərtəbə) dəqiqliklə söyləyin, xəstənin adını və yaşını, onunla nə baş verdiyini, hazırda vəziyyətinin necə olduğunu “iki kəlmə” ilə izah edin. “Təcili yardımın” dispetçerinin bütün suallarına təmkinlə, hirslənmədən cavab verin – bu çox vacibdir! “Təcili yardım” ünvanınızı tapmaqda çətinlik çəkdiyi halda sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin. Zəng vurarkən telefon aparatının yanında kağız və qələm də saxlayın – ola bilər ki, “təcili yardım” gələnə qədər həkim sizə bəzi məsləhətlər də verə bilər! Heç bir halda, “təcili yardımın” dispetçeri telefon danışığını özü bitirməyənə qədər onunla əlaqəni kəsməyin. “Təcili yardım” maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız ərazini tapmaq çətin olduğu halda (özəl ev, yeni tikilən binalar və s.) bu xüsusilə vacibdir! Bu yolla siz vaxta xeyli qənaət edərək “təcili yardımın” sizə daha tez çatmasına köməklik edərsiniz!
Zərərçəkən kritik (çox ağır) vəziyyətdə deyilsə və onu sərbəst şəkildə nəqliyyatla daşımaq olarsa (məsələn, oynağın çıxığı, mürəkkəb olmayan sınıq, çox da geniş olmayan yanıq və s.), ona həkimə qədərki ilk tibbi yardım göstərdikdən sonra yaxınlıqdakı travmatoloji məntəqəyə və ya xəstəxanaya çatdırmaq lazımdır. Bədənin ciddi zədələnmələri, güclü qanaxmalar zamanı, huşsuz vəziyyətdə olan, tənəffüsü və ürək döyünməsi olmayan, şok vəziyyətində olan xəstələri, miokard infarktı və ya insulta şübhə olduğu hallarda mütləq “təcili yardım” maşınını gözləyin!
Əgər sizə yaxın olan adam ağır vəziyyətdə olarsa, “təcili yardım” gələnə qədər xəstəxanaya aparılmasına hazırlaşmaq üçün onun şəxsiyyət vəsiqəsini, sığorta vəsigəsini (əgər varsa), ən vacib şəxsi əşyalarını hazırlayın.
Orqanik.az