Brokkoli əsasən İngiltərə, İspaniya və İtaliyada becərilir. Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutundan Orqanik.az-a bildiriblər ki, brokkoli, eyni zamanda, mikroblarla mübarizə aparmaq və ayrıca antioksidan xüsusiyyətinə malik olan bir bitkidir. Bu gün brokkoli bir çox dünya mətbəxində istifadə edilməkdədir.
Brokkolinin dəriyə də faydaları var. Zərərli UV şüalarına qarşı qoruma qalxanı kimi çalışır. Tərkibindəki maqnezium sümükləri gücləndirir. Qanazlığını aradan qaldırır, xolesterolu və yüksək qan təzyiqini aşağı salır. İnfarkt riskini azaldır. Tərkibindəki vitamin və digər elementlərin zənginliyinə, dietik xarakterli olmasından irəli gələrək bu tərəvəzə ölkəmizdə son dövrlərdə tələbat yüksəlib.
Qeyd edək ki, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda seleksiya proqramına uyğun olaraq tərəvəz bitkilərinin yeni sort və hibridlərinin yaradılması işləri intensiv şəkildə davam etdirilir. Ölkəmizdə son dövrlərdə daha çox populyarlıq qazanan tərəvəz növlərinin yeni sort və hibridlərinin yaradılmasına xüsusi diqqət yetirilir. Belə tərəvəzlərdən biri də brokkolidir. Seleksiya şöbəsinin mütəxəssisləri yeni sortlar üzərində tədqiqat işlərini həyata keçirirlər.
Orqanik.az