Hamı bilir ki, təbii süd məhsullarının tərkibində olan probiotiklər həzm prosesləri yaxşılaşdırır, mədə-bağırsaq sisteminin sağlamlığını qoruyur.
Lakin bununla probiotiklərin orqanizmə olan müsbət təsiri bitmir.
Araşdırmalar göstərib ki, probiotiklər immun sistemini möhkəmləndirir, 2-ci tip diabetin riskini azaldır, hətta autizmdən əziyyət çəkən insanların vəziyyətinə müsbət təsir edir.
The Daily Mail xəbər verir ki, Missuri Universiteti (ABŞ) alimləri heyvanlar üzərində aparılan eksperimentlər zamanı probiotiklərin yeni faydalı xüsusiyyətini aşkar ediblər. Məlum olub ki, probiotiklər stress hormonlarının ifrazını azaldır və bununla da streslə mübarizə etməyə kömək edir.
Probiotiklər təzə süd məhsullarında çoxdur. Bu xüsusilə “diri” yoqurtlar, təzə qatıq, kefir kimi məhsullara aiddir. Nəzərə almaq lazımdır ki, probiotiklər diri orqanizmlərdir, onlar çox tez məhv olur. Bu səbəbdən süd məhsulunun saxlanma müddəti çoxdursa, belə məhsulun tərkibində probiotiklər ya heç olmur, ya da çox azdır.
Beləliklə, özünüzü stressin mənfi təsirindən qorumaq istəyirsinizsə, hər gün 1 stəkan təzə qatıq və ya kefir, diri yoqurt qəbul edin.
Orqanik.az