İynə vurulanda və ya “sistem” qoyulanda ən çox qorxduğumuz nədir? Damara havanın düşməsi.
Bir çoxumuzun fikrinə görə bu halda insan dərhal ölür. Görəsən, bu həqiqətənmi belədir?
Damarın hava ilə tutulması (emboliya) və insanın bunun nəticəsində həlak olması o zaman mümkündür ki, iri damara birdən-birə 20 kub.sm hava daxil olsun. Adi inyeksiya zamanı bu mümkün deyil.
Şprisin daxilində gördüyümüz kiçik hava qabarcıqları damara daxil olarsa orqanizmdə sovrulacaq və heç bir ziyan vurmayacaq. Çox nadir hallarda iynə vurulan yerdə göyərmə əmələ gələ bilər.
“Sistem” qurtaranda xəstələr adətən qorxur ki, orada qalan hava damara keçəcək. Lakin bu fiziki olaraq mümkün deyil. Adətən “sistem” periferik damarlara (əl, qol, ayaq) vurulur. Bu damarlarda təzyiq yüksək olur ki, hava qabarcıqlarının damara daxil olması mümkünsüzdür. Diqqətlə baxsanız görərsiniz ki, “sistem” tam qurtaranda borucuqda mayenin bir hissəsi qalır və damara daxil olmur.
Lakin tibbi manipulyasiyaların qaydalarına görə tibb bacıları bir qayda olaraq inyeksiya və ya “sistem” qoyduqdan əvvəl orada olan havanı çıxardırlar.
Daha mürəkkəb tibbi avadanlıqlarda havanı avtomatik olaraq çıxardan xüsusi filtrlər var.
Damarın hava ilə tutulması və bununla bağlı olan ölüm halları iri damarların zədələnməsi ilə müşayiət olunan ağır travmalar, əməliyyatlar, patoloji doğuşlar zamanı mümkündür. Lakin bu da çox nadir hallarda baş verir.
Orqanik.az