Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.
Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı-yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi (antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır.
Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları, duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.
Saçların uzadılmasını isti və ya soyuq üsulla edirlər. Bu zaman 200-dək saç dəstini əlavə etmək olar. Uzadılma üsulundan asılı olaraq uzadılan saçlar 6 ayadək qala bilər.
Saçların isti üsulla uzadılması zamanı artırılan saç dəsti qadının özünün 1 saç dəsti ilə, əridilmiş keratinlə (qətran şəkilli maddə), xüsusi isti kəlbətindən istifadə edilməklə birləşdirilir. Birləşdirilmə yerinə xırda lövhəcik forması verilir ki, o da sonra saçların arasında gizlədilir.
Saçların soyuq üsulla uzadılması zamanı saçların dəstələri birbiri ilə xüsusi yapışqan və ya kiçik metal sıxaclar vasitəsi ilə birləşdirilir. Yapışqanla birləşdirilmənin üsullarından biri saçların lentlə birləşdirilməsidir. Bu zaman xüsusi lentin üzərinə bərkidilmiş süni saç dəstləri qadının öz saçlarına birləşdirilir.
Əlavə edilən saçları yalnız kosmetik salonda, ən yaxşısı isə onları uzadan ustanın özü tərəfindən çıxarmaq lazımdır. Süni saçları çıxardıqdan sonra öz saçlarınızı kosmetik maskalarla yaxşı-yaxşı qıdalandırın.
Orqanik.az